“Azərbaycanla sülh sazişinin paraflanması əvvəlki səylərin nəticəsi idi” - Paşinyan

2026/05/1779786881.jpg
Oxunub: 371     13:13     26 May 2026    
“Azərbaycanla sülh sazişinin paraflanması əvvəlki səylərin nəticəsi idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri, hazırda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin Meğradzor kəndində seçkiqabağı kampaniya zamanı deyib.

Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh sazişinin 2025-ci il avqustun 8-də paraflanması bundan əvvəl həyata keçirilən səylər nəticəsində mümkün olub və həmin tarix təsadüfi olmayıb.

“Avqustun 8-i havadan düşməyib. Bu, ikitərəfli işin kulminasiya nöqtəsi idi və ABŞ prezidenti Donald Trampın iştirakı mühüm rol oynadı”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, sülh Trampın dəstəyi və iştirakı ilə əldə olunub. Ermənistan və Azərbaycanın 2025-ci ilin mart ayının sonunda sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığını elan etdiyini xatırladan Paşinyan vurğulayıb ki, artıq imzalanmağa hazır olan razılaşdırılmış mətn mövcud idi.

Paşinyan bildirib ki, bundan sonra Türkiyəyə ilk işgüzar səfərini edib və İstanbula gedərək Ermənistanın strategiyası barədə açıqlama verib.

“Bundan sonra Əbu-Dabidə Azərbaycan Prezidenti ilə ikitərəfli görüş baş tutdu”, - deyə o xatırladıb.

Ermənistan baş naziri qeyd edib ki, ölkə öz regionunda kənar yardım olmadan yaşamaq qabiliyyətinə və bacarıqlarına malik olmalıdır. Onun sözlərinə görə, bir neçə il əvvəl Ermənistan nə Azərbaycan, nə də Türkiyə ilə birbaşa əlaqə saxlayırdı və Azərbaycanla ünsiyyət zərurəti yarananda bu, üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi.

“Bir müddət sonra hiss etdik ki, nəsə düzgün getmir. Sonra başa düşdük ki, nə bizim mesajlarımız dəqiq çatır, nə də Azərbaycanın cavabları bizə düzgün ötürülür. Bu isə həmişə qərəzli şəkildə baş vermirdi, çünki müəyyən incəliklər var və siqnallar təhrif olunmuş formada ötürülürdü”, - deyə Paşinyan bildirib.

O vurğulayıb ki, Ermənistan öz regionunda müstəqil şəkildə yaşamalı və problemlərini imkan daxilində özü həll etməlidir.

“Lakin bu, beynəlxalq ictimaiyyətdən təcrid olunduğumuz anlamına gəlmir”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin