Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Müraciətdə “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik edən Nikol Paşinyanın seçki kampaniyası zamanı səsləndirdiyi ifadələrə hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin müzakirəyə çıxarılması tələb olunurdu.
Ermənistan MSK hesab edib ki, Paşinyanın istifadə etdiyi ifadələr siyasi korrektlik və təmkin çərçivəsindən kənar olsa da, burada “psixoloji, fiziki və dini məcburetmə üsulları, zorakılığa çağırış və ya zor tətbiqi təhdidi” əlamətləri müşahidə olunmur.
Bu səbəbdən komissiya seçkiqabağı təşviqat qaydalarının pozulması faktını tanımayıb. Qeyd olunub ki, Aram Vardevanyan müraciətində seçki kampaniyası dövründə baş verən sistemli pozuntuların seçki prosesinin legitimliyini təhlükə altına qoyduğunu bildirib.
Müraciətdə vurğulanıb ki, Nikol Paşinyanın seçki çıxışları siyasi debat və fikir azadlığı sərhədlərini aşıb. “Onun ictimai çıxışlarında müxtəlif siyasi qüvvələri, o cümlədən “Güclü Ermənistan” partiyasını nüfuzdan salan, ictimai nifrəti qızışdıran və partiya rəhbərlərinin ləyaqətini alçaldan ifadələr yer alıb”, - deyə müraciətdə qeyd olunub.
Paşinyanın çıxışlarından müxtəlif sitatlar da təqdim edib. Həmin çıxışlarda Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələr “müharibənin üçbaşlı partiyası”, “cinayətkar mafiya”, “kriminal-oliqarxik rejim” kimi xarakterizə olunur.
Bundan əlavə, Paşinyanın “hakimiyyəti ələ keçirmək üçün son döyüşə çıxıblar” ifadəsini işlətdiyi də qeyd olunub. Müraciətdə bildirilir ki, bu cür açıqlamalar seçicilər arasında digər siyasi qüvvələrə qarşı qorxu, nifrət və aqressiya yaratmağa yönəlib.
Vardevanyan Paşinyanın bir çıxışından daha bir sitat təqdim edib. “Çökdürəcəyəm, məhv edəcəyəm... Kaluqalı olanı da məhv edəcəyəm, sıradan çıxaracağam...” - deyə Paşinyanın çıxışından sitat gətirilib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak üçün 19 siyasi qüvvə (2 blok və 17 partiya) müraciət edib. Mayın 8-də rəsmi seçki kampaniyasına start verilib və təşviqat iyunun 5-i daxil olmaqla davam edəcək.
Mayın 25-də “Alyans” partiyasının namizədliyini geri götürdüyü məlum olub. Mayın 26-da isə Ermənistan MSK partiyanın seçki siyahısının qeydiyyatını ləğv edib. Bununla da qarşıdakı seçkilərdə 13 nömrəli seçki bülleteni olmayacaq.
Alpər Mövludoğlu
Ordu.az