Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Moskvanın iqtisadi siqnalları: Ermənistanı nə gözləyir?” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, may ayının əvvəlində Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və səfər zamanı səsləndirilən bəyanatlardan sonra Moskvanın reaksiyası getdikcə daha aydın hiss olunur.
“Ekspert dairələrində siyasi soyuqluğun mərhələli şəkildə iqtisadi təzyiqə çevrildiyi barədə fikirlər səsləndirilir. Son günlər Ermənistan məhsullarına qarşı müxtəlif məhdudiyyətlər və qadağalar tətbiq olunub. Ən çox diqqət çəkən qərarlardan biri “Cermuk” mineral suyunun satışı ilə bağlı olub.
Məlumata görə, Rusiyada bu məhsulun təxminən 37 milyon şüşəsinin satışı qadağan edilib. Böyük həcmdə məhsul “Rospotrebnadzor”un yeni göstərişi əsasında dövlət markalanma sistemi vasitəsilə bloklanıb”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, bu qərar yalnız istehsalçı şirkətə maliyyə zərbəsi deyil, həm də Rusiya bazarında tanınmış erməni brendləri üçün ciddi siqnaldır.
“Bununla yanaşı, kənd təsərrüfatı və ərzaq sektorunda da yeni məhdudiyyət mərhələsinin başladığı bildirilir. “Rosselxoznadzor” Ermənistanın aidiyyəti qurumlarına gül ixracının məhdudlaşdırılması ilə bağlı rəsmi məktub göndərib.
Rəsmi səbəblər texniki və sanitariya standartları ilə izah olunsa da, bəzi ekspertlər prosesin sırf iqtisadi və texniki xarakter daşımadığı qənaətindədirlər.
Problemlərin Ermənistanın alkoqollu məhsullarının ixracı sahəsində də yarandığı qeyd olunur. Rusiyada Ermənistan istehsalı olan bir sıra spirtli içkilərin satışı dayandırılıb. “Rospotrebnadzor” məcburi tələblərə cavab verməyən məhsullar aşkar etdiyini bildirib və buna görə satışın dayandırıldığı açıqlanıb”, - deyə müəllif yazıb.
Qeyd olunur ki, VEDI-ALKO ASC, “Abovyan Konyak Zavodu” MMC və “Şahnazaryan Şərab-Konyak Evi” MMC-nin məhsullarında pozuntular aşkarlanıb.
“Söhbət “Getap Vernashen”, “Erməni konyakı 5 ulduz” və “Şahnazaryan XO” məhsullarından gedir. Ticarət şirkətləri və idxalçılara məhsulların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə bildirişlər göndərilib. Bu, erməni ixracatçılarının Rusiya bazarında qarşılaşdığı ilk problem deyil. Daha əvvəl balıq və kürünün ixracı ilə məşğul olan şirkətlərdən birinə qarşı da məhdudiyyətlər tətbiq olunmuşdu.
Həmin vaxt da rəsmi izahlar yoxlama və standart pozuntuları ilə əlaqələndirilsə də, Ermənistan biznes mühitində bunu siyasi siqnal kimi qiymətləndirənlər olmuşdu. İqtisadçılar qeyd edirlər ki, yaranmış vəziyyət Ermənistan üçün olduqca həssasdır. Çünki ölkənin əsas ixrac istiqamətlərindən biri Avrasiya İqtisadi Birliyi bazarı, xüsusilə isə Rusiya bazarı olaraq qalır”, - deyə “Past” vurğulayıb.
Nəşr qeyd edib ki, bu səbəbdən istənilən məhdudiyyət yalnız iri şirkətlərə deyil, minlərlə işçiyə, təchizatçıya və bütöv sahələrə birbaşa təsir göstərir.
“Mütəxəssislərin fikrincə, Ermənistan hakimiyyətinin manevr imkanları getdikcə məhdudlaşır. Çünki ölkə iqtisadiyyatı uzun illər Rusiya bazarı və Rusiya iqtisadi sistemi ilə sıx bağlı şəkildə formalaşıb və bu asılılığı qısa müddətdə əvəz etmək mümkün deyil.
Bu fonda may ayının sonunda Qazaxıstanda keçirilməsi planlaşdırılan görüş xüsusi diqqətlə izlənilir. Məlumata görə, həmin görüşdə inteqrasiya proseslərinin dondurulması variantlarının da müzakirə oluna biləcəyi barədə iddialar var. Ekspert dairələri hesab edirlər ki, münasibətlərdə gərginlik eyni templə davam edərsə, iqtisadi təzyiqlər daha da arta bilər. Onların fikrincə, belə şəraitdə Ermənistan iqtisadiyyatı ciddi nəticələrlə üzləşə və bəzi sahələrdə vəziyyət hətta kollaps təhlükəsinə qədər çata bilər”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az