Ordu.az xəbər verir ki, bu barədə Sarkisyan sosial şəbəkə hesabında paylaşım edib.
Erməni politoloq qeyd edib ki, bu səfər Hillari Klintonun 2014-cü ildəki səfərindən sonra ABŞ dövlət katibinin Ermənistana ilk səfəri olacaq.
Onun sözlərinə görə, Marko Rubionun səfəri qısa müddətli və gecələməsiz “tranzit” xarakteri daşıyır. Sarkisyan bildirib ki, Rubio Hindistandan qayıdarkən Donald Ramsfeldin 1999-cu ildəki səfərinə bənzər şəkildə bir neçə saat İrəvanda qalacaq.
“Rubio erməni həmkarı ilə hava limanında 30 dəqiqəlik görüş keçirəcək, daha sonra anlaşma memorandumu imzalayacaq və ehtimal ki, hökumətdə Nikol Paşinyanla da görüşəcək. Əgər belə görüş baş tutmasa, bu, ciddi əhəmiyyət daşıyan məqam olacaq”, - deyə Sarkisyan vurğulayıb.
Sarkisyanın sözlərinə görə, ABŞ-nin Cənubi Qafqaz gündəliyində iki əsas prioritet mövcuddur: TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin reallaşdırılması və İran ətrafındakı dairənin daraldılması.
Erməni politoloq bildirib ki, TRIPP layihəsi də İran siyasəti kontekstində nəzərdən keçirilir.
“Rubionun Bakıya getməməsi məncə təsadüfi deyil. TRIPP Ermənistan ərazisindən keçir və daha çox Ermənistan-ABŞ layihəsi xarakteri daşıyır”, - deyə Sarkisyan bildirib.
O qeyd edib ki, Azərbaycanın həm TRIPP layihəsi, həm də İran məsələsi ilə bağlı mövqeyi ABŞ-yə məlumdur və əlavə izahlara ciddi ehtiyac yoxdur.
“Bu səbəbdən əsas müzakirələrin İran ətrafındakı proseslər və TRIPP layihəsinin gələcəyi üzərində cəmləşəcəyi ehtimal edilir. Bəzi dairələri Rubionun seçkilər ərəfəsində Ermənistanın hazırkı hakimiyyətinə açıq dəstək verib-verməyəcəyi də maraqlandırır. Mən bunu mümkün hesab edirəm. Amma dünyanın ən məşğul şəxslərindən biri sırf bu məqsədlə İrəvana gəlməzdi”, - deyə erməni politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti hətta Rubio açıq siyasi mesaj verməsə belə, Rubionun səfərindən PR məqsədilə istifadə etməyə çalışacaq.
Sarkisyan vurğulayıb ki, ABŞ Ermənistanda Cənubi Qafqazda Amerika maraqlarını irəli aparacaq istənilən siyasi qüvvəni dəstəkləyəcək.
Erməni politoloq sonda ümid etdiyini bildirib ki, Ermənistan hakimiyyəti anti-İran avantüralarına qoşulmayacaq.
Alpər Mövludoğlu
Ordu.az