“168.am”: Marko Rubio niyə İrəvana gəlir?

2026/05/1779771048.jpg
Oxunub: 1     08:50     26 May 2026    
ABŞ dövlət katibi Marko Rubionun planlaşdırılan rəsmi İrəvan səfəri adi diplomatik protokol çərçivəsindən kənara çıxır və açıq şəkildə daxili siyasi çalar daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Marko Rubio niyə İrəvana gəlir?” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilib ki, Ermənistanda iyunun 7-də keçiriləcək həlledici parlament seçkiləri ərəfəsində Vaşinqtonun yüksək vəzifəli rəsmisinin İrəvanda görünməsi ABŞ-nin ölkədaxili siyasi proseslərə təsir göstərməyə və öz maraqları naminə hakimiyyəti nəzarətdə saxlamağa çalışdığını göstərir.

Nəşrin fikrincə, əsas gündəlik TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ətrafında formalaşacaq.

“Seçkiqabağı gərgin təşviqat dövründə bu səviyyəli səfərlər xarici güclərin Ermənistanın suveren seçiminə istiqamət vermək cəhdindən xəbər verir. Vaşinqton bununla İrəvanı öz geosiyasi orbitinə bağlamağı geri dönməz etmək istəyir. Bu, yeni proses deyil və ABŞ-nin həyata keçirdiyi ardıcıl strategiyanın davamıdır. Belə ki, cari ilin fevralında ABŞ vitse-prezidenti Cey Di Vensin İrəvana səfəri bu tendensiyanın əsasını qoyub.

Vens regional layihələr və iyunun 7-də keçiriləcək seçkilər barədə danışarkən Qərb diplomatiyası üçün görünməmiş dərəcədə açıq və yönləndirici bəyanat səsləndirib. O bildirib: “Məsələ ondadır ki, sülh razılaşmasının növbəti mərhələyə uğurla keçməsini necə təmin edək, baş nazirin gələcəyə fokuslanmasına necə kömək edək. Mən bilirəm ki, qarşıda seçkilər var və bu barədə danışmaq istəmirəm. Lakin mənim dəstəyim nəyəsə təsir edirsə, o, şübhəsiz ki, bu dəstəyə malikdir. O, belə layihələrin həyata keçməsi üçün uzunmüddətli tərəfdaşlıq qura biləcək insandır”, - deyə nəşr yazıb.

Nəşrə görə, ABŞ tərəfinin bu mövqeyi Ağ Evin Nikol Paşinyanın yenidən seçilməsini Ermənistan xalqının azad iradəsinin ifadəsi kimi deyil, regiondakı strateji və tranzit layihələrinin uğuru üçün vacib şərt kimi qiymətləndirdiyini göstərir.

Məqalədə vurğulanıb ki, son həftələrdə İrəvan həm də Avropa diplomatik fəallığının mərkəzinə çevrilib. Mayın əvvəlində Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti və paralel təşkil olunan ilk Ermənistan-Avropa İttifaqı ikitərəfli sammiti çərçivəsində Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə Brüssel Paşinyanın daxili siyasi mövqelərini gücləndirməyə çalışıb.

“Bu tədbirlər seçkiqabağı dövrdə mövcud hakimiyyət üçün siyasi dəstək rolunu oynayıb. Avropanın iqtisadi və enerji “yardımı” vədləri isə əslində Ermənistanın Rusiyadan uzaqlaşdırılmasını sürətləndirməyə yönəlib və bunun ağır iqtisadi nəticələri nəzərə alınmır”, - deyə nəşr qeyd edib.

Məqalədə həmçinin Ermənistan-Rusiya münasibətlərində son dövrlər görünməmiş dərəcədə gərginlik yaşandığı vurğulanıb. Bildirilib ki, Moskva artıq İrəvanın xarici siyasətdə Qərbə yönəlməsinə sərt reaksiya verdiyini gizlətmir.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son bəyanatı Kremlin mövqeyini açıq şəkildə ortaya qoyur. O, Paşinyanı “sərsəri” adlandıraraq bildirib ki, “Paşinyanın təhlükəli yolu nəticəsində Ermənistan xalqı Rusiya bazarını və bütün Avrasiya İqtisadi Birliyini itirəcək””, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, Moskva rəsmi İrəvanın addımlarını xəyanətkar dönüş kimi qiymətləndirir və Qərb layihələrinin qarşısını almaq üçün öz təsir vasitələrini işə salmağa hazır olduğunu nümayiş etdirir.

“Ermənistanda hazırkı seçkiqabağı kampaniya artıq açıq xarici müdaxilə və geosiyasi təsir elementləri ilə müşayiət olunan prosesə çevrilib. Ermənistan klassik “proksi-siyasi” mübarizənin mərkəzinə düşüb. Burada daxili seçkilər öz suveren məzmununu itirərək Qərb-Rusiya qlobal qarşıdurmasının platformasına çevrilir.

Bir tərəfdən ABŞ və Avropa İttifaqı yüksək səviyyəli səfərlər və siyasi təzyiqlərlə Paşinyan hakimiyyətinin yenidən seçilməsinə dəstək verməyə çalışır, digər tərəfdən isə Rusiya sərt ritorika, iqtisadi və siyasi rıçaqlarla Ermənistanın tam şəkildə qarşı düşərgəyə keçməsinə imkan verməyəcəyini göstərir”, - deyə nəşr vurğulayıb.

Məqalədə qeyd olunub ki, iyunun 7-dək xarici təsir cəhdlərinin kulminasiya nöqtəsinə çatacağı gözlənilir və seçicilərə “Qərb, yoxsa Rusiya” seçimi təqdim olunur. Bunun isə daxili sabitliyi poza biləcəyi vurğulanıb.

“İyunun 7-də keçiriləcək seçkilər Ermənistan üçün artıq sadəcə daxili siyasi hadisə deyil, ölkənin geosiyasi vektoruna görə qlobal güclər arasında həlledici qarşıdurmaya çevrilib. Qərb yüksək səviyyəli səfərlər və iqtisadi vədlərlə mövcud hakimiyyətin mövqelərini möhkəmləndirməyə çalışdığı halda, Rusiya sərt xəbərdarlıqlar və təsir vasitələri ilə öz mövqelərini qorumağa çalışır. Gələcək sabitliyin yeganə təminatı isə xarici diktədən uzaq, milli maraqlara əsaslanan seçim etməkdir”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin