Paşinyanın komanda yoldaşı olan Hayk Tsirunyan siyahıdan kənarda qaldı: Erməni deputatın sərvəti necə artdı?

2026/05/1779770307.jpg
Oxunub: 399     08:36     26 May 2026    
“Hakim “Vətəndaş Müqaviləsi” partiyasının keçmiş fəal nümayəndələrindən olan Hayk Tsirunyan bu seçkilərdə partiyanın namizədlər siyahısına daxil edilməyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri “Vətəndaş Müqaviləsi”nin üzvü Hayk Tsirunyan siyahıdan kənarda qaldı: Deputatın sərvəti necə artdı?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Tsirunyanın siyasi karyerasına dostunun həyat yoldaşı ilə bağlı qalmaqallı hadisənin təsir göstərdiyi iddia olunur. Bununla yanaşı, son illərdə onun əmlak və maliyyə vəziyyətində ciddi artım müşahidə edilib.

Məqalədə qeyd olunur ki, 2021-ci ildə təqdim etdiyi bəyannamədə Tsirunyanın nə mənzili, nə torpaq sahəsi, nə də avtomobili olub. Lakin bir neçə il ərzində onun əmlak siyahısına torpaq sahələri, bağ evi, bahalı avtomobil, kriptovalyuta və milyonlarla dram məbləğində nağd vəsait daxil edilib.

“Tsirunyan informasiya texnologiyaları sahəsindən siyasətə gəlib. O, 2001-ci ildən müxtəlif şirkətlərdə proqramçı kimi fəaliyyət göstərib, 2014-2020-ci illərdə isə “Matersson” şirkətinin həmtəsisçisi və direktoru olub.

2018-ci ildə İrəvan Ağsaqqallar Şurasında “Mənim Addımım” fraksiyasına daxil olan Tsirunyan, 2020-ci ildən parlament deputatı olub, 2021-ci ildə isə yenidən “Vətəndaş Müqaviləsi” siyahısı ilə mandat qazanıb”, - deyə müəllif yazıb.

Nəşr onun bəyannamələrindəki dəyişiklikləri mərhələli şəkildə təqdim edib.

“2021-ci ildə onun adına heç bir daşınmaz əmlak qeydiyyatda olmayıb. Bank hesabında 280 min dram, nağd şəkildə isə 18 min dollar və 8,25 milyon dram vəsait göstərilib. Parlamentdən aldığı əməkhaqqının isə 7,3 milyon dram olduğu bildirilib. 2022-ci ildə Tsirunyan İrəvanın Şenqavit rayonunda ilk torpaq sahəsini əldə edib və eyni zamanda “Matterson Home” MMC-də 50 faiz pay sahibi olduğunu bəyan edib.

2023-cü ildə isə onun əmlak siyahısı daha da genişlənib. O, Kotayk vilayətinin Abovyan icmasında iki torpaq sahəsi, Araqatsotn vilayətinin Aparan icmasında isə yarımçıq tikili alıb. Həmin il onun istifadəsində olan 2014-cü il istehsalı LEXUS markalı avtomobil də bəyannamədə yer alıb. 2024-cü ildə daha bir torpaq sahəsi əldə edən Tsirunyan artıq dörd daşınmaz əmlaka sahib olub. Bundan əlavə, deputat maaşı ilə yanaşı, 3,5 milyon dram icarə gəliri də bəyan edib.

2025-ci il bəyannaməsində isə onun adına beş daşınmaz əmlak qeyd olunub. Bunlara Araqatsotn vilayətinin Aparan icmasında torpaq sahəsi və bağ evi, Kotayk vilayətinin Abovyan icmasında iki torpaq sahəsi, həmçinin İrəvanın Şenqavit rayonunda torpaq sahəsi daxildir”, - deyə nəşr qeyd edib.

Müəllif vurğulayıb ki, bu dəfə avtomobil göstərilməsə də, bəyannamədə 0,5 BITCOIN kriptoaktivinin olduğu qeyd edilib. Bank hesablarında cəmi 170 min dram olsa da, nağd şəkildə minlərlə dollar və milyonlarla dram vəsaitin saxlanıldığı bildirilib. Bundan əlavə, Tsirunyanın 8 milyon dram kredit öhdəliyi və kənd təsərrüfatı fəaliyyəti üçün 8 milyon dram xərc göstərdiyi vurğulanıb.

Məqalədə qeyd olunur ki, bir neçə il ərzində deputatın sıfır daşınmaz əmlakdan beş daşınmaz əmlaka sahib olması, bağ evi, torpaq sahələri, LEXUS avtomobili, kriptovalyuta və iri həcmdə nağd vəsait əldə etməsi ictimaiyyət üçün yeni suallar doğurur.

Nəşr sonda Tsirunyanın əvvəllər “Joğovurd” qəzetinə verdiyi və daha sonra məşhurlaşan açıqlamasını xatırladıb: “Ölkədə proses gedir, qardaş”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsirunyan  


Bizi "telegram"da izləyin