Paşinyan Ermənistan üçün “epoxal hadisələr” vəd edib

2026/05/1779734464.jpg
Oxunub: 386     22:30     25 May 2026    
“Axalkalaki-Qars dəmir yolunun açılması ilə biz Ermənistanın blokadadan çıxarılmasının birinci mərhələsini başa vurduq və artıq Şərqə və Qərbə dəmir yolu bağlantımız var”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri və hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Nikol Paşinyan mayın 25-də Gümrüdə keçirilən mitinq zamanı bildirib.

“Bu, birinci mərhələdir, amma tam mərhələ deyil. Qarşıda bizi böyük hadisələr gözləyir. Qarşıda TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi və Mehri üzərindən keçən dəmir yolunun açılması dayanır. TRIPP ərazi bütövlüyü, yurisdiksiya və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında fəaliyyət göstərəcək.

Bizi dəhliz verməkdə və Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edənlərin hamısı fiaskoya uğradı. TRIPP Ermənistanın ərazi bütövlüyünün, yurisdiksiyasının və blokadadan çıxmasının ən güclü simvoludur. Zəngəzur sülhün kəsişmə nöqtəsinə çevrilib”, - deyə Paşinyan qeyd edib.

O qeyd edib ki, Şirak vilayətini də böyük hadisələr gözləyir.

“Biz Axurik-Akyaka dəmir yolunun açılmasına hazırlaşırıq. Bundan əlavə, beynəlxalq investorlar Ermənistanda Şərq-Qərb yeni magistral yolunun tikintisini davam etdiriblər. Bu yol Şirak, Lori və Tavuş vilayətlərindən keçəcək. Dəmir yoluna paralel olaraq yaxın vaxtlarda avtomobil yolunun tikintisinə də başlayacağıq.

Bu yol Mərkəzi Asiyanı Qərblə birləşdirən ən qısa marşruta çevriləcək. Bunlar yüz milyonlarla dollar investisiya cəlb edəcək epoxal hadisələrdir”, - deyə Paşinyan vurğulayıb.

Çıxışı zamanı o, bir daha müxalifəti Ermənistanı müharibəyə sürükləməməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin