Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Robert Köçəryan mayın 25-də seçkiqabağı kampaniya zamanı bildirib.
Onun sözlərinə görə, Nikol Paşinyan hazırda vaxtilə Gürcüstanda Mixail Saakaşvilinin etdiyi siyasəti təkrarlayır.
Köçəryan qeyd edib ki, bu gün Rusiya ilə Qərb arasındakı ziddiyyətlər daha da dərinləşib və Paşinyan Ermənistanı həmin qarşıdurmanın episentrinə çevirmək üçün hər şeyi edir.
“Erməni mallarının Rusiyaya ixracı çətinləşib, bəzi məhsulların isə ölkəyə girişi ümumiyyətlə qadağan olunub. O, Qarabağ məsələsində etdiyi kimi, bu məsələdə də günahı əvvəlki hakimiyyətlərin üzərinə atmağa çalışır. Halbuki Qarabağı satıb və hər şeyi dağıdan məhz özüdür”, - deyə Köçəryan bildirib.
Erməni siyasətçi vurğulayıb ki, hakimiyyətin məntiqinə əsasən, əgər Ermənistan erməni məhsullarının Rusiyaya yolunu bağlamaq gücünə malikdirsə, deməli iyunun 8-də həmin yolu yenidən açmaq gücünə də sahibdir.
“Əgər Nikol Paşinyan hakimiyyətdə qalsa, Rusiyaya gedən yol mütləq bağlanacaq. Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının 90%-i Rusiyaya yönəlir. Belə addımlar atarkən istehsalçıları, sahibkarları və istixana işçilərini düşünmürsənmi? Niyə bu insanları bir parça çörəkdən məhrum edirsən? Qərbdə kimsə səni tərifləsin deyə? Saakaşvili də belə düşünürdü. İndi o haradadır?
Biz qalib gələcəyimiz halda, heç kimin Rusiya ilə problemi olmayacaq”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az