“Yalançı lider heç nəyə zəmanət verə bilməz” - Köçəryan

2026/05/1779726083.jpg
Oxunub: 412     20:16     25 May 2026    
“Hazırkı hakimiyyət tam absurda çatıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokundan baş nazir postuna namizəd Robert Köçəryan mayın 25-də Zəngəzur vilayətinin Qarakilsə şəhərinin sakinləri ilə görüşü zamanı bildirib.

Köçəryan xatırladıb ki, 2018-ci ildə siyasi təqibə məruz qalan ilk şəxs özü olub. Bununla belə, o, komandasında heç kimin sınmayacağını və mübarizənin qələbəyədək davam edəcəyini vurğulayıb.

Keçmiş erməni prezident qeyd edib ki, bəyanatlarını daim dəyişən yalançı rəhbər apriori olaraq xalqın təhlükəsizliyinə təminat verə bilməz.

Toplaşanların əhvalını yüksəltmək üçün Köçəryan danışan it haqqında lətifə də danışıb. O bildirib ki, davamlı yalan danışdığı üçün cəmi 10 dollara satılan həmin it kimi, Ermənistanda da yalançı lider ölkəyə çox baha başa gəlir və onu mümkün qədər uzağa göndərməyin vaxtı çatıb.

Köçəryan hökumətin destruktiv xarici siyasətinə də xüsusi diqqət ayırıb və Paşinyanı Qərb liderlərini razı salmaq məqsədilə xarici maraqlara xidmət etməkdə ittiham edib. O bildirib ki, Ermənistan vətəndaşlarının 80%-i üçün əsas qazanc mənbəyi Rusiya Federasiyasıdır və buna görə də bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ və Avropa ilə yaxşı, Rusiya ilə isə mükəmməl münasibətlər saxlanılmalıdır.

Köçəryan vurğulayıb ki, Paşinyan Moskvaya “acı vermək” məqsədilə Rusiya Federasiyasında yaşayan yaxınlarından yardım alan sadə ermənilərin cibinə zərbə vuran addımlar atır.

Erməni siyasətçi yekunda bildirib ki, Rusiya kiçik “Zaporojets” deyil ki, onunla cəzasız oynamaq mümkün olsun, əksinə nəhəng qatardır. O, Zəngəzur sakinlərini iyunun 7-də dövlətçiliyi xilas etmək və Ermənistanı əvvəlki gücünə qaytarmaq üçün vətənpərvər seçim etməyə çağırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin