Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Vaykda jurnalistlərlə söhbəti zamanı deyib.
O bildirib ki, ABŞ-nin Ermənistandakı maraqları İranla sərhədə nəzarəti ələ keçirmək və Rusiyanı incitməkdən ibarətdir.
Erməni siyasətçi ABŞ dövlət katibi Marko Rubionun sabah nəzərdə tutulan qısamüddətli səfəri ilə bağlı suala cavab olaraq qeyd edib ki, həmin səfər də məhz Rusiyaya zərbə vurmaq istəyi ilə bağlıdır.
Bu cür dəstək nümayişinin müdaxilə cəhdi olub-olmaması ilə bağlı suala Köçəryan bunun şübhəsiz müdaxilə cəhdi olduğunu bildirib və son aylarda bu cür çoxsaylı nümunələrin yaşandığını vurğulayıb.
Erməni siyasətçi xatırladıb ki, Macarıstandakı seçkilər zamanı da oxşar vəziyyət müşahidə olunub.
“Hər şey bir-birinə qarışıb. 15-20 il əvvəl qınanan şeylər indi artıq belə qəbul olunmur”, - deyə Köçəryan qeyd edib.
Rubio ilə sənədlərin imzalanması barədə açıqlamalara toxunan Köçəryan hansı sənədlərdən söhbət getdiyini bilmədiyini bildirib.
“Məndə belə təəssürat yaranır ki, bu seçkiqabağı təşviqat kampaniyasının bir hissəsidir. Hesab edirəm ki, Nikol Paşinyanın seçkilərdə məğlub olmaması üçün israrla hər şeyi etməyə çalışırlar. Mən ABŞ-nin Ermənistanda ciddi maraqlarını görmürəm. Burada bir maraq var: İranla sərhədə nəzarəti ələ keçirmək və Rusiyanı incitmək ki, bölgədə Rusiyanı Türkiyə əvəz etsin. Bu bizim maraqlarımıza uyğundurmu? Məncə yox”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az