Ordu.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan “Facebook” səhifəsində yazıb.
O bildirib ki, realpolitika baxımından postsovet ölkələri Qərbi əsasən iki amilə görə maraqlandırıb: Rusiyaya qarşı istifadə olunmaları və həmin ölkələrdə strateji xammal resurslarının mövcudluğu.
Erməni politoloq qeyd edib ki, bu əməkdaşlığın zahiri təqdimatının demokratiyanın yayılması və ya terrorizmlə mübarizə kimi göstərilməsi mahiyyəti dəyişmir.
“Onu düşünmək sadəlövhlükdür ki, “Qərbin altına yatmağa meylli dövlətlər”in rəhbərləri və elitaları bunu anlamırlar”, - deyə o bildirib.
Gevondyanın sözlərinə görə, fərdi rüşvətlər, müxtəlif imtiyazlar, şantaj vasitələri və şəxsi həyatı nüfuzdan salan məlumatlar həmin elitaların öz ölkələrinin gələcəyini məhvə sürükləməsinə “kömək edən” effektiv vasitələrdir.
O qeyd edib ki, əvvəllər Gürcüstan, hazırda isə Ukrayna və Moldova bunun klassik nümunələridir.
“Bu dövlətlərdən nə qaldı? Yalnız zahiri görüntü, məzmundan məhrum forma. Onlar Rusiyaya qarşı xaricdən idarə olunan dövlətlərə çevriliblər”, - deyə erməni politoloq vurğulayıb.
Gevondyan hesab edir ki, bu gün Nikol Paşinyanın sayəsində Ermənistan da həmin “özünü məhv yolunu” seçib.
Onun sözlərinə görə, Ermənistan iqtisadi, hərbi-texniki və təhlükəsizlik baxımından Rusiyadan hərtərəfli asılı olduğu halda, Qərbə Rusiyaya qarşı işləmək xidmətlərini təklif edir.
“Bu, geosiyasi intihardır. Bunu bir dəfə XX əsrin əvvəllərində yaşamışıq. Bu dəfə bizdən yaş iz belə qalmayacaq”, - deyə Gevondyan qeyd edib.
O bildirib ki, bütün bu addımların faciəvi nəticələrini ən ağır şəkildə adi vətəndaş hiss edəcək, vəziyyəti dəyişmək üçün yeganə yol iyunun 7-də keçiriləcək seçkilərdə yüksək iştirak və düzgün seçim etməkdir.
Alpər Mövludoğlu
Ordu.az