Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Ermənistan yük maşınlarının sürücüləri və sahibkarlar Baqrataşen keçid məntəqəsindən Rusiyaya ixrac olunan çiyələklərin geri qaytarılması ilə bağlı həyəcan təbili çalırlar.
“Fitosanitar xidmət ixracı qadağan edib və səbəb kimi icazə verilməyən maddənin mövcudluğunu göstərib”, - deyə Danielyan qeyd edib.
Deputat vurğulayıb ki, indiyədək həmin sahibkarlar bu cür problemlə qarşılaşmayıb və ixrac olunan meyvə-tərəvəz bütün normalara uyğun olub.
Onun sözlərinə görə, sahibkarlar bu qərardan gözlənilmədən xəbər tutublar və çiyələklər xarab olacağı təqdirdə böyük zərərlə üzləşəcəklər.
Danielyan əlavə edib ki, yaxın vaxtlarda gilasın da ixracı nəzərdə tutulur və sahibkarlar eyni qərarın onların məhsullarına da tətbiq ediləcəyindən ehtiyat edirlər.
“Bu hadisənin də erməni-rus münasibətlərinin pisləşməsi ilə əlaqəli olduğu açıq görünür. Dəfələrlə xəbərdarlıq etmişik ki, kənd təsərrüfatı məhsullarımızın əhəmiyyətli hissəsinin Rusiya və Avrasiya İqtisadi Birliyi bazarlarında satıldığı şəraitdə münasibətlərə zərər verən bəyanatlar və addımlar yolverilməzdir”, - deyə o bildirib.
Danielyan iqtisadiyyat nazirinə də sual ünvanlayaraq alternativ bazarlar tapılacağını deyən şəxslərin hazırda çiyələk ixracatçılarına nə təklif etdiyini soruşub.
“Siyasəti avantüraya çeviriblər. Halbuki böyük zərəri sahibkarımız və vətəndaşımız çəkir”, - deyə erməni deputat qeyd edib.
O bildirib ki, artıq görünən iqtisadi fəlakəti nəzərə alaraq, həmvətənlərinin iyunun 7-də düzgün seçim edəcəyinə ümid edir.
Alpər Mövludoğlu
Ordu.az