Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinq zamanı bildirib.
O qeyd edib ki, Ermənistan rəhbərliyinin Rusiya qazının və enerji daşıyıcılarının çox cəlbedici, hətta güzəştli qiymətə təqdim olunması ilə bağlı bəyanatlarını eşidiblər.
“Bu, həqiqətən də belədir. Rusiya bütün ölkələrə, xüsusilə də ən yaxın müttəfiqlərinə və tərəfdaşlarına enerji daşıyıcılarının etibarlı və məsuliyyətli təchizatçısı olaraq qalır”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Bununla yanaşı, Peskov qeyd edib ki, belə rejim digər inteqrasiya birliklərinin iştirakçıları üçün mümkün deyil.
“Bu, əlbəttə ki, Avropa İttifaqıdır. Burada qiymət kateqoriyası artıq tamamilə fərqlidir, bazar qiymətidir. Bu, İrəvandakı dostlarımıza çox yaxşı məlumdur”, - deyə o bildirib.
Peskov Ermənistanın gələcək iqtisadi inteqrasiya yolunun seçilməsi məsələsini “açıq sual” adlandırıb, lakin xatırladıb ki, Moskvaya səfəri zamanı Paşinyan Ermənistanın Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü olaraq qaldığını və eyni zamanda xarici siyasətin digər istiqamətləri, xüsusilə Avropa ilə münasibətlərini inkişaf etdirdiyini deyib.
“Paşinyanın həmin vaxt açıqladığı kimi, müəyyən mərhələdə yekun qərar qəbul edilməlidir və bu, referendum vasitəsilə həyata keçiriləcək. Söhbət məhz erməni xalqının qərarından gedir”, - deyə Rusiya liderinin mətbuat katibi sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az