Rusiyanın “Çestnı Znak” sistemi “Cermuk” mineral suyunun 37 milyon şüşəsinin satışını bloklayıb

2026/04/1776144512.jpg
Oxunub: 560     17:49     23 May 2026    
“Rosspotrebnadzor”un göstərişi ilə “Çestnı Znak” markalama dövlət sistemi Ermənistandan idxal edilən “Cermuk” təbii müalicəvi-süfrə qazlı mineral suyunun dövriyyəsini “məcburi tələblərin pozulması səbəbindən” dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Çestnı Znak” sisteminin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, bloklama ümumilikdə 37 milyon şüşə məhsula şamil edilib. Bunlara təbii, müalicəvi-süfrə, içməli və qazlı mineral sular, həmçinin dad əlavəli variantlar daxildir. Məhsullar 0,33, 0,5, 1 və 1,5 litrlik plastik və şüşə qablarda istehsal olunub.

“Rosspotrebnadzor”un rəsmi icazəsi alınana qədər həm pərakəndə satış məntəqələrində, həm də onlayn platformalarda “Cermuk” markalı suların daşınması və satışı bloklanıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, qərar “Rusiya Federasiyası vətəndaşlarının həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti” əsasında qəbul edilib.

Mərkəz əlavə edib ki, nəzarət qurumunun müraciətinə səbəb istehsalçı tərəfindən məhsula dair məcburi tələblərin pozulmasının aşkarlanması olub.

“Çestnı Znak” sisteminin ölkənin bütün kassa sistemlərinə inteqrasiya olunduğunu qeyd edən mərkəzin baş direktorunun müavini Revaz Yusupov bunun istehlakçıların müdafiəsinə yönəlmiş effektiv mexanizm olduğunu bildirib.

Həmçinin xatırladılıb ki, bu, “Cermuk” qablaşdırılmış suyunun satışının dayandırılması ilə bağlı ilk hal deyil. 2026-cı ilin aprelində də “Rosspotrebnadzor”un göstərişi ilə 1,4 milyondan çox şüşənin satışı bloklanmışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin