Əvvəlcə tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahov tədbiri açaraq çıxışına Ulu Öndərin muzeylər haqqında söylədiyi "Muzeylər xalqın tarixini, milli-mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə çatdıran müqəddəs ocaqdır" kəlamı ilə başladı. "Muzeylər nəsillər və tarixi mərhələlər arasında körpü və ən yaxşı bələdçidir. Cəmiyyətdə ayrı-ayrı xalqların əsrlər boyu yaratmış olduqları maddi və mənəvi irsi bir məbəd kimi qoruyan muzeylər onu keçmişdən gələcəyə ötürmək üçün mühüm missiyanı yerinə yetirir. "Muzey" yunan sözü olub "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunardı. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, tədqiq və təbliğ edən müəssisələr belə adlandırılmışdır. Ölkəmizdə dövlət səviyyəsində 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş ilk muzey 1920-ci il oktyabrın 25-də Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərmişdir. 1923-cü ildə muzeyə direktor təyin edilmiş Davud Şərifovun səyi ilə Moskva, Sankt-Peterburq və Tiflisdən Azərbaycana aid bir sıra eksponatlar, o cümlədən, xanlıqların bayraqları, silahlar, rəsm əsərləri muzeyə qaytarılmışdır. Bu gün milli yaddaşın qorunmasında, qəhrəmanlıq dolu keçmişimizin, hərb tariximizə dair qiymətli tətbiqi nümunələrin və sənədlərin mühafizə və nümayiş etdirilməsində, böyüməkdə olan nəsillərdə vətənpərvərlik duyğularının aşılanmasında Müdafiə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Azərbaycan Hərb Tarixi Muzeyinin böyük əhəmiyyəti var. Muzey xalqımızın şanlı hərb tarixinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır".
Tədbir muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, professor Hacı Həsənovun "Tariximizi yaşadan müqəddəs məkanlar" adlı çıxışı ilə davam etdi.
Sonra tədbir iştirakçılarına 18 May - Beynəlxalq Muzeylər Gününün yaradılması tarixindən bəhs edən qısametrajlı sənədli film nümayiş olundu.
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərəm Rzayev Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivini 18 May - Beynəlxaq Muzeylər Günü münasibətilə təbrik edərək, onlara xalqımızın döyüş salnaməsinin, sərkərdəlik tarixinin yaradılması, təbliğ olunması işlərində uğurlar arzuladı.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim etdilər.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az