Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qərbdə yenidən silahlanma prosesinin sürətlənməsi və hərbi ittifaqlardakı dəyişikliklər fonunda Türkiyə müdafiə sənayesində mövqelərini daha da gücləndirməyə çalışır.
Hazırda Ankara təxminən 40 ölkəyə silah ixrac edir. Türkiyə şirkətləri alıcılara rəqiblərlə müqayisədə daha münasib qiymətə, daha sürətli təhvil edilən və daha çevik məhsullar təklif edir.
“Reuters”in ticarət məlumatları əsasında apardığı təhlilə görə, Türkiyənin hərbi ixracı 2021-ci ildən etibarən üç dəfədən çox artaraq ötən il 10 milyard dollara çatıb. Bu göstərici ölkənin ümumi ixracının təxminən 3,7 faizini təşkil edib.
Eyni dövrdə Avropa və ABŞ-yə ixrac təxminən dörd dəfə artaraq 5,6 milyard dollara yüksəlib. Artımın əsas hissəsi “Baykar”, “Turkish Aerospace Industries”, “Arca Defense” və “Kale” kimi şirkətlərin fəaliyyəti hesabına təmin olunub.
Mütəxəssislərin fikrincə, dövlət dəstəyi və çevik təchizat zəncirləri Türkiyə şirkətlərinə Qərb istehsalçılarının istehsal gücü çatışmazlığı və uzun satınalma prosedurları səbəbindən boş qalan bazar seqmentlərinə daxil olmağa imkan verib.
“Reuters” qeyd edir ki, Türkiyə yaxın iki il ərzində silah ixracını iki dəfə artırmağı planlaşdırır. Bu vəsait yeni layihələrin maliyyələşdirilməsinə və maliyyə öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək.
Ukrayna və İran ətrafındakı münaqişə zonaları arasında yerləşən Ankara eyni zamanda hava hücumundan müdafiə sistemləri, aviasiya mühərrikləri və tank mühərrikləri sahəsindəki texnoloji boşluqları beynəlxalq əməkdaşlıq vasitəsilə aradan qaldırmağa çalışır.
Türkiyənin pilotsuz uçuş aparatı bazarında qlobal payının təxminən 65 faiz olduğu bildirilir. Ölkə həmçinin döyüş sursatları, freqatlar, aviadaşıyıcılar və zirehli texnika istehsalını genişləndirir. İndoneziya artıq hazırlanma mərhələsində olan 48 türk qırıcısının alınmasına dair müqavilə imzalayıb.
Bununla yanaşı, Türkiyə NATO ölkələri ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirir. “Baykar” İtaliyanın “Piaggio Aerospace” şirkətini satın alıb və “Leonardo” ilə tərəfdaşlığa başlayıb.
Reuters-in məlumatına görə, qlobal hərbi xərclərin 2,9 trilyon dollara çatdığı və Avropada müdafiə xərclərinin 75 faiz artdığı şəraitdə Türkiyənin müdafiə sənayesi agentliyi maliyyələşdirdiyi elmi-tədqiqat layihələrinin sayını 1400-dən çoxa çatdırıb.
Sevinc Əliyeva
Ordu.az