" Muzey " sözünə uyğun nəticə tapıldı!

"Muzey" - (59 )

SQ-nin ildönümü münasibətilə Hərb Tarixi Muzeyində tədbir keçirilib

2019/06/594d1-1561797705.jpg
Oxunub: 981     15:40     29 İyun 2019    
Bu günlərdə Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində Silahlı Qüvvələr Günü münasibətilə silsilə mərasimlər təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Azərbaycan Hərb Tarixi Muzeyində ordumuzun yaradılmasının növbəti ildönümünə həsr olunmuş "Milli-mənəvi dəyərimiz - Silahlı Qüvvələrimiz!" adlı tədbir keçirilib.

Müdafiə Nazirliyinin müxtəlif idarə və müəssisələrinin zabit və əsgərləri, hərbi məktəblərimizin müəllim və kursantları, Qarabağ müharibəsi veteranları, həmçinin Gürcüstan Respublikasından gəlmiş alimlər və bu dövlətin Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Georgi Kvirikaşvili tədbirdə iştirak ediblər.

Mərasim iştirakçıları öncə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Silahlı Qüvvələrimizin keçdiyi inkişaf yoluna nəzər salıb. O bildirib ki, hər bir vətənsevər azərbaycanlının güvənc yeri olan Azərbaycan Ordusu hazırda müstəqilliyimizin və suverenliyimizin keşiyində möhkəm dayanır.

Muzey rəisi Silahlı Qüvvələrimizin dövlət qayğısı ilə əhatə edildiyini, son illərdə maddi-texniki təminat və döyüş hazırlığı sahəsində böyük irəliləyişə nail olduğunu bildirib. 2016-cı ilin Aprel döyüşləri zamanı və ordumuzun bölmələrinin düşmənə qarşı apardığı hərbi əməliyyatları, ötən ilin mayında Naxçıvanda həyata keçirilən əks-həmlə tədbirlərini, eyni zamanda önəmli yüksəkliklərin və ərazilərimizin bir qisminin düşməndən geri alınmasını qazanılmış uğurların bariz nümunəsi kimi göstərib.

Ehtiyatda olan zabit vurğulayıb ki, Silahlı Qüvvələrimizin yarandığı vaxtdan bu günə qədər keçdiyi inkişaf yolu Azərbaycan Hərb Tarixi Muzeyində sərgilənən çoxsaylı eksponatlarda öz əksini tapır.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan-Gürcüstan hərbi-diplomatik münasibətlərinin 100 illiyi ilə əlaqədar hər iki ölkə alimlərinin birgə araşdırmalarının yekunu kimi ərsəyə gəlmiş "Hərbi sahədə Azərbaycan və Gürcüstan münasibətlərinin təşəkkülü" kitabının təqdimatı keçirilib.

Yeni nəşr zəngin tarixi mənbələrə əsaslanır və 1918-1921-ci illərdə Azərbaycanla Gürcüstan arasında hərbi-diplomatik münasibətlər tarixinin öyrənilməsi baxımından dərin maraq kəsb edir. Ötən əsrin əvvəllərində müstəqillik qazanmış iki ölkə arasında mövcud olmuş hərbi-diplomatik münasibətlər əsərdə ətraflı əksini tapıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitab rus, ingilis dillərində işıq üzü görüb və Azərbaycan dilində çapa hazırlanır.

Muzey rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, kitabın həm müəllifləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan I dərəcəli kapitan Nurulla Əliyev, BDU-nun "Qafqaz xalqlarının tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova və Gürcüstan Respublikası Hərb Tarixi Cəmiyyətinin sədri, tarix elmləri doktoru, professor Mamuka Qoqitidze çıxış edərək kitabın elmi-tarixi məziyyətlərindən, ötən əsrin əvvəllərində müstəqilliyə nail olmuş Azərbaycan və Gürcüstan arasında bağlanmış hərbi sazişin tarixi əhəmiyyətindən söhbət açıblar və tarixən mövcud olmuş hərbi əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini qeyd ediblər.

Tədbirdə "Art studiya"nın azyaşlı üzvlərinin Silahlı Qüvvələrimizin ildönümünə həsr etdikləri rəsm əsərlərinin sərgisi nümayiş olunub və sərgi maraqla qarşılanıb.

Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin hərbi ansamblının solistləri hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Silahlı-Qüvvələr   MN   Gürcüstan   Milli-mənəvi-dəyərimiz-Silahlı-Qüvvələrimiz