Hipersəs sınaqları üçün “RangeHawk” dövrü başlayır

2026/05/1779517930.jpg
Oxunub: 415     10:21     23 May 2026    
ABŞ ordusu raketlərin uçuş sınaqları zamanı dəniz əsaslı izləmə gəmilərinin əvəzinə havadan real vaxt məlumat toplayacaq yeni nəsil platformaların hazırlanması üçün “Northrop Grumman” ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ABŞ Quru Qoşunları Müqavilə Komandanlığı yüksək sürətli sistemlərin sınaq proseslərində məlumat toplama çevikliyini artırmaq məqsədilə “RangeHawk” universal faydalı yük arxitekturası prototipi üçün “Northrop Grumman Systems Corp.” ilə 325 milyon dollardan çox dəyərində müqavilə bağlayıb.

Məlumata görə, layihə yüksək hündürlükdə və uzunmüddətli uçuş imkanına malik hava sınaq platformasının hazırlanmasını əhatə edir.

Layihə çərçivəsində bütün mühəndislik işləri San-Dieqo şəhərində həyata keçiriləcək.

“Northrop Grumman” prototipin hazırlanması, mövcud hava platformasının struktur modifikasiyası, qabaqcıl sensorların inteqrasiyası, eləcə də nümayiş və təsdiqləmə fəaliyyətləri üçün logistik hazırlığa cavabdeh olacaq.

“RangeHawk” arxitekturasının xüsusilə hipersəs raketləri və sursatların uçuş sınaqlarında yüksək xərc tələb edən və hazırlanması uzun çəkən dəniz əsaslı izləmə gəmilərini əvəz etməsi planlaşdırılır.

Bundan əlavə, sistem telemetriya və real vaxt məlumat toplama imkanlarını uçan platformada modul struktura çevirəcək.

Müqavilənin imzalanması mərhələsində ABŞ ordusunun 2026 maliyyə ili üzrə araşdırma, inkişaf, sınaq və qiymətləndirmə fondlarından layihəyə birbaşa 65 milyon 657 min 1 dollar ayrılıb.

Pentaqonun illik hipersəs sınaq imkanlarını artırmaq strategiyasının bir hissəsi hesab edilən və sınaq sertifikatlaşdırma proseslərini sürətləndirəcəyi gözlənilən “RangeHawk” layihəsinin 2031-ci il mayın 14-də tamamlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   RangeHawk  


Bizi "telegram"da izləyin