“Ermənistan ordusu ən son nəsil silahlarla təchiz olunsa belə, indiki hakimiyyət onu da “basdıracaq” - Abrahamyan

2026/02/1771648134.jpg
Oxunub: 502     18:49     26 May 2026    
“İndiki hakimiyyətin məntiqinə görə, 30 il ərzində köhnəlmiş hərbi texnika və silahlar olub, amma genişmiqyaslı müharibə başlamayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abrahamyan bildirib.

Erməni deputat qeyd edib ki, müharibə məhz Nikol Paşinyanın hakimiyyəti dövründə başlayıb və bu faktın özü mövcud hakimiyyətin məsuliyyətini ortaya qoyur.

“Amma nədənsə müharibə məhz onun baş nazir olduğu dövrdə başladı. Yəqin ki, texnikanın müasir olmaması səbəbindən kapitulyant hakimiyyət həmin silahların bir hissəsini 2020-ci və 2023-cü illərdə qənimət kimi Azərbaycana verdi”, - deyə Abrahamyan vurğulayıb.

O bildirib ki, hərbi texnikanın vaxtında yerinin dəyişdirilməməsi də Azərbaycanın onları asanlıqla hədəfə almasına səbəb olub.

“Yəqin ki, texnikanın yeni olmaması səbəbindən onun yerləşdiyi ərazilər dəyişdirilmədi və nəticədə Azərbaycan üçün asan hədəfə çevrildi”, - deyə erməni deputat qeyd edib.

Abrahamyan Paşinyanı hakimiyyətə gəldikdən sonra silahlanma planlarını dəyişməkdə də ittiham edib.

“Əgər demisənsə, sona qədər de. Hakimiyyətə gəldikdən sonra niyə silahlanma planlarını dəyişdirdin? Niyə 2018-2020-ci illərdə ya təyinatı üzrə istifadə olunmayan silahlar, məsələn, “Su-30” qırıcıları, ya da 1970-ci illərə aid yarımçıq İordaniya istehsalı olan OSA-AK hava hücumundan müdafiə sistemləri aldın?” - deyə o bildirib.

Erməni deputat sonda Paşinyanı sərt şəkildə tənqid edib.

“Nikol, sənin kimi “pis rəqqas”a həmişə musiqi mane olacaq. Ermənistan ordusu hətta ən son nəsil hərbi texnika ilə təchiz olunsa belə, indiki hərbi-siyasi rəhbərlik onu da uğurla “basdıracaq”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin