Erməni politoloq: “Əminəm ki, ilk növbədə Kərkini vermək istəyirlər”

2026/05/1779511527.jpg
Oxunub: 675     16:24     23 May 2026    
“Paşinyan hakimiyyəti erməni milli kimliyini məhv etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Milli kimlik, ölkə və dövlət anlayışları, həmçinin Ermənistanda gedən proseslərdən danışan Elbakyan bildirib ki, Ermənistanın gələcəyini çox qaranlıq görür.

Erməni politoloq qeyd edib ki, Paşinyan hakimiyyəti erməni milli kimliyini məhv edib onun yerinə “Vətəndaş Müqaviləsi” partiyasının kimliyini formalaşdırmağa çalışır, lakin bu cəhdlərin uğursuzluğa düçar olacağına əmindir.

“Elə bir cəmiyyət yaranıb ki, burada artıq Ermənistanın nə olduğu barədə mübahisə gedir. Bir tərəf hesab edir ki, Ermənistan tarixi-sivilizasiya davamlılığıdır. Əgər bizə deyirlərsə ki, Qarabağı, Kərkini, torpaq məsələlərini, Mxitar Xorenatsini, Ağrı dağını unudun, onda geriyə nə qalır? Sadəcə bioloji mövcudluqmu? Ermənistan milli dövlətdir və ya ən azından idealda belə olmalıdır”, - deyə o bildirib.

Elbakyan vurğulayıb ki, Paşinyanın vətəni yalnız maddi göstəricilərlə, yollar, uşaq bağçaları və restoranlarla ölçməsi Qarabağdan imtina siyasətinin bir hissəsidir.

Erməni politoloqun sözlərinə görə, din və kilsənin rolunun zəiflədiyi dövrdə siyasət bir növ dinə çevrilib, lakin indi cəmiyyət yeni mərhələyə daxil olur və dini-mənəvi dəyərlər yenidən ön plana çıxır.

“O deyəndə ki, Qarabağda uşaq bağçaları və məktəblər tikilməyib, insanlar da alqışlayır. Çünki o, insanların emosional və kimlik hissəsinə müraciət edir. Onlar bunu öz kimliklərinə çeviriblər. Mən bunu faktiki olaraq anti-ermənilik adlandıraram”, - deyə Elbakyan qeyd edib.

Erməni politoloq hesab edir ki, hakimiyyət insanları onların problemlərinin səbəbinin erməni olmaları ilə əlaqəli olduğuna inandırmağa çalışır.

“Əvvəllər deyirdilər ki, siz Qarabağ məsələsinə görə əziyyət çəkirsiniz. İndi isə deyirlər ki, Ağrı dağına baxdığınız müddətdə yaxşı yaşamayacaqsınız, Maştotsu və Xorenatsini oxuduğunuz müddətdə yaxşı yaşamayacaqsınız”, - deyə o bildirib.

Elbakyan əlavə edib ki, Paşinyanın 2023-cü il sentyabrın 19-nu Ermənistanın “müstəqillik günü” adlandırması da milli kimlikdən uzaqlaşma siyasətinin göstəricisidir.

Söhbət zamanı erməni politoloq Ermənistanın ərazi güzəştləri prosesinə də toxunub və ilk hədəfin Kərki ola biləcəyini bildirib.

“Əminəm ki, ilk növbədə Kərkini vermək istəyirlər və ya Tavus vilayətində Sofulu-Bərxudarlı istiqamətindən başlaya bilərlər. Hər şey seçkilərin nəticəsindən və insanların buna nə qədər hazır olacağından asılıdır”, - deyə o bildirib.

Elbakyan qeyd edib ki, Azərbaycan Kərkini əldə edərsə, oranı hərbi bazaya çevirəcək.

“Gorus-Qafan yolu bunun yanında oyun kimi görünəcək. İrəvanın yaxınlığında hərbi baza olacaq”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elbakyan   Ermənistan  


Bizi "telegram"da izləyin