Erməni siyasi xadim: “Suren Papikyan, sən izah edə bilərsənmi niyə ölməmisən?”

2026/05/1779511464.jpg
Oxunub: 280     17:43     26 May 2026    
“15 əsgərimizin kazarmadakı yanğında niyə öldüyünü izah edə bilərsənmi?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Birliyin Qanadları” partiyasının baş nazirliyə namizədi, erməni siyasi xadim Arman Tatoyan jurnalistlərlə söhbətində deyib.

Arman Tatoyan seçkiqabağı kampaniyanın gedişinə toxunaraq bildirib ki, son iki həftədə ölkədə biabırçı vəziyyət yaranıb və bu dövrün yekunlaşdırılmasına ehtiyac var.

Erməni siyasətçinin sözlərinə görə, ölkədə qorxu və nifrət təbliğatı atmosferi formalaşıb, hər tərəfdə resurs yarışının getdiyi təəssüratı yaranır. O qeyd edib ki, bu fonda insanlara seçim kimi Moskva, Brüssel və ya Vaşinqton arasında qərar vermək təqdim olunur, lakin heç kim Ermənistanın maraqlarından və ölkənin hansı yolu seçməli olduğundan danışmır.

Tatoyan hakimiyyəti qorxu yayan və nifrət, yalan təbliğ edən qüvvəyə çevrilməkdə ittiham edib.

Onun fikrincə, hakimiyyət özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışsa da, insanlara həm şəxsi, həm də müharibə ilə bağlı təhdidlər yönəldilir.

Erməni siyasətçi vurğulayıb ki, bütün seçki kampaniyası məhz bu qorxu və düşmənçilik üzərində qurulub və bu vəziyyət bütün ölkəyə yayılıb.

“Daha birləşmiş olmalı olduğumuz halda, hər şey parçalanma və düşmənçilik üzərində qurulub”, - deyə o bildirib.

Tatoyan əlavə edib ki, bütün bunlar demokratiya pərdəsi altında baş verir. O, ötən həftə yaydığı qalmaqallı səs yazısını xatırladaraq bildirib ki, Armavir Dövlət Regional Kollecinin nümunəsində tələbə və müəllimlərin hakimiyyətin seçki toplantılarına qatılmağa məcbur edildiyini nümayiş etdirib.

“Bütün bunların təşkilatlanmış şəkildə, yüksək səviyyədə həyata keçirildiyini göstərdik. Xüsusi adlar da çəkdik, cinayət barədə müraciət etdik, amma indiyədək heç bir reaksiya yoxdur”, - deyə erməni siyasətçi bildirib.

Tatoyanın sözlərinə görə, hüquq-mühafizə orqanları hakimiyyətlə sinxron fəaliyyət göstərir.

O, həmçinin hakimiyyəti ölümü “kult”a çevirməkdə ittiham edib. Tatoyan qeyd edib ki, hakimiyyət nümayəndələri insanların niyə müharibədə ölmədiyini soruşaraq məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar.

“Necə ola bilər ki, Ermənistanın baş naziri sevinərək və ya tələb edərək “niyə ölməmisiniz?” desin? Əksinə, insanlar sağ qaldığı üçün sevinməlidir. Hər bir insan həyatı dəyərlidir. Müdafiə naziri isə küçə jarqonu ilə danışaraq canlı yayımda “niyə ölməmisiniz?” sualını verir”, - deyə Tatoyan bildirib.

Erməni siyasətçi daha sonra müdafiə naziri Suren Papikyana müraciətlə deyib:

“Suren Papikyan, sən izah edə bilərsənmi niyə ölməmisən? 15 əsgərimizin kazarmadakı yanğında niyə öldüyünü izah edə bilərsənmi? Onlar baş nazirin təyin etdiyi müdafiə naziri Suren Papikyan və onun seçdiyi komandirlərin məsuliyyətsizliyi səbəbindən həlak oldular. Müdafiə nazirinin vəzifəsi müharibəni elə təşkil etməkdir ki, mümkün qədər az insan ölsün, insanlardan niyə ölmədiklərini soruşmaq yox”, - deyə o qeyd edib.

Tatoyan əlavə edib ki, bu yanaşma Stalin dövrünün repressiv metodlarını xatırladır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tatoyan  


Bizi "telegram"da izləyin