Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İqtisadi “soyuq müharibə”: Moskva Ermənistan biznesini necə hədəfə alır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edir ki, illərlə “strateji tərəfdaşlıq” kimi təqdim olunan Ermənistan-Rusiya münasibətləri artıq açıq çıxılmaz vəziyyətə çatıb və tərəflər arasında yığılan problemlər kritik həddə gəlib.
Məqalədə bildirilir ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti Ermənistan-Rusiya münasibətlərində dönüş nöqtəsinə çevrilib. Xüsusilə də Rusiya siyasi elitasının Ermənistana baxışı baxımından vəziyyət dəyişib.
“Nəticədə Rusiya tərəfi ritorikanı sərtləşdirib, Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunun qarşıdakı iclasda müzakirə olunacağını açıqlayıb və iqtisadi imtiyazların ləğvi ilə bağlı siqnallar verib. Moskva faktiki olaraq İrəvana ultimatum verir: ya Avrasiya İqtisadi Birliyində qalmaq, ya da onu tərk etmək. Çünki Rusiya tərəfinin fikrincə, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı uyğun gəlmir. Bu mövqe həm xarici işlər nazirinin müavini Mixail Qaluzin, həm Sergey Lavrov, Aleksey Overçuk, Sergey Şoyqu, həm də Vladimir Putin səviyyəsində səsləndirilir”, - deyə müəllif yazıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ermənistan rəhbərliyinin həm Avrasiya İqtisadi Birliyində qalmaq, həm də Avropa İttifaqına yaxınlaşmaq siyasətini qəbul edə bilməz. “Ermənistanın Avropa İttifaqına inteqrasiyası populist şüardır. Eyni taktika Ukrayna və Moldova üçün də istifadə olunub”, - deyə Qaluzin bildirib.

Məqalədə qeyd olunur ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Ermənistan rəhbərliyinin addımlarını sərt tənqid edib. “Ermənistan beynəlxalq platformalarda mütəmadi olaraq Avropa İttifaqının mövqeyinə qoşulur, həmçinin gömrük və ticarət rejimlərinin uyğunlaşdırılması istiqamətində çalışır. Bu isə Avrasiya İqtisadi Birliyi çərçivəsində götürdüyü öhdəliklərə zidd ola bilər”, - deyə Şoyqu bildirib.
O, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasını və Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyasını da “qeyri-dost addımlar” adlandırıb. Şoyqu həmçinin Volodimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində çıxış etməsinə imkan yaradılmasını da tənqid edib.
“Zelenskinin çıxışında Rusiyaya, o cümlədən Qələbə Günü paradına qarşı təhdidlər səslənib. Bu, nasizmə qarşı döyüşən bir milyondan çox erməninin xatirəsinə istehzadır”, - deyə o vurğulayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Avropa İttifaqı Ermənistanı öz orbitinə çəkməyə çalışır və bunun nəticəsində İrəvan Avrasiya İqtisadi Birliyi çərçivəsində malik olduğu bütün üstünlükləri itirə bilər.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə cavab olaraq deyib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyil və belə bir məsələ müzakirə oluna bilməz. “Bu təşkilatda qərarlar konsensus əsasında qəbul edilir. Ermənistanın üzvlüyünün dondurulması mümkün deyil”, - deyə Mirzoyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan həm ikitərəfli formatda, həm də Avrasiya İqtisadi Birliyi çərçivəsində Rusiya ilə normal tərəfdaşlıq münasibətlərinin davam etdirilməsində maraqlıdır.
Lakin məqalədə vurğulanır ki, Ermənistanın bu açıqlamalarına baxmayaraq, Rusiya artıq erməni biznesinə qarşı kiçik sanksiyalar tətbiq etməyə başlayıb.
Nəşr xatırladır ki, “Rosselxoznadzor” mayın 22-dən etibarən Ermənistandan çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. “Qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin qorunması məqsədilə qəbul edilib. Ermənistanın təqdim etdiyi zəmanətlərə baxmayaraq, karantin növlərinin aşkarlanması davam edir”, - deyə qurumun açıqlamasında bildirilib.
Məqalədə qeyd olunur ki, bundan əvvəl Rusiya Ermənistandan idxal olunan məhsullara nəzarəti gücləndirdiyini də açıqlamışdı.
“Rosselxoznadzor” Avropa mənşəli saxta balıq məhsullarının Rusiyaya göndərilməsi şübhəsi ilə bir sıra erməni müəssisələrini yoxlamağa hazırlaşır. Bundan əvvəl isə Rusiyada “Cermuk” mineral sularının satışına məhdudiyyət qoyulmuşdu. Ermənistan hakimiyyətinin münasibətlərdəki böhranı “qarşılıqlı faydalı tərəfdaşlıq” tezisləri ilə gizlətmək cəhdləri artıq reallığı əks etdirmir. Moskvanın siyasi ultimatumları tədricən hədəfli iqtisadi sanksiyalara çevrilir”, - deyə məqalədə vurğulanıb.
Nəşrin məlumatına görə, Ermənistanın siyasi və biznes dairələrində ciddi narahatlıq yaranıb. Çünki uzun illər Ermənistan iqtisadiyyatının əsas dayaqlarından biri olan Rusiya bazarı artıq etibarlı bazar kimi görünmür.
“Rusiyanın ilk “sınaq zərbələri” artıq erməni biznesi tərəfindən hiss olunur”, - deyə müəllif bildirib.
Məqalədə vurğulanır ki, “Rosselxoznadzor”un çiçək məhsulları, balıq və “Cermuk”la bağlı qərarları təkcə fitosanitar məsələ deyil, Moskvanın siyasi təzyiq alətlərinin klassik nümunəsidir.
“Rusiya Ermənistanın iqtisadi baxımdan nə qədər həssas olduğunu nümayiş etdirir və göstərir ki, xarici siyasət kursunun dəyişməsinin qiymətini Ermənistan ixracatçıları və nəticədə erməni xalqı ödəyəcək. Ermənistan biznesi Rusiyaya yönəlmiş ixracı qısa müddətdə Avropa bazarına yönləndirə bilməz. Avropa bazarlarında ciddi standartlar və çoxsaylı problemlər mövcuddur”, - deyə məqalədə vurğulanıb.
Nəşr qeyd edir ki, Moskvanın hazırkı iqtisadi addımları onun real təzyiq imkanlarının yalnız kiçik hissəsidir.
“Ermənistan hakimiyyətinin əsas narahatlığı enerji asılılığı, ucuz qaz, “Metsamor” AES-in idarə olunması və Rusiyadan gələn transfertlərin mümkün məhdudlaşdırılması ilə bağlıdır”, - deyə müəllif qeyd edib.
Məqalədə vurğulanır ki, Ermənistan hakimiyyəti müəyyən ümidlərini Türkiyə və Azərbaycan bazarlarının açılmasına bağlayır.
“Bunun dolayı sübutu kimi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana son səfəri göstərilir. O, erməni biznes dairələri ilə görüşərək ikitərəfli ticarət imkanlarını müzakirə edib. Lakin Ermənistan biznes dairələri Rusiya bazarının Azərbaycan bazarı ilə əvəz olunmasına ciddi şübhə ilə yanaşırlar. Ermənistan hakimiyyəti yaxın perspektivdə Avropa bazarlarını belə real alternativ hesab etmir”, - deyə məqalədə bildirilib.
Məqalənin sonunda qeyd olunur ki, Ermənistan bu gün son dərəcə təhlükəli və qeyri-müəyyən mərhələdədir.
“Rusiyanın iqtisadi təzyiqlərinə qarşı effektiv strategiyanın olmaması və Türkiyə-Azərbaycan bazarları ilə bağlı qeyri-müəyyən perspektiv Ermənistan iqtisadiyyatını gözlənilməz geosiyasi eksperiment qarşısında qoyur”, - deyə müəllif sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az