Putinin Ermənistan hesabı: “Vətəndaş Müqaviləsi”nə seçkiqabağı dəstək, yoxsa Ermənistana seçkidən sonrakı sanksiyalar?

2026/05/1779433504.jpg
Oxunub: 289     17:37     26 May 2026    
“Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, mayın 29-da Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında Ermənistanın birlikdəki statusu müzakirə olunacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Putinin Ermənistan hesabı: “Vətəndaş Müqaviləsi”nə seçkiqabağı dəstək, yoxsa Ermənistana seçkidən sonrakı sanksiyalar?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Overçuk Rusiyanın Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını istəmədiyini bildirib.

“Biz Ermənistanın inkişaf etməsini istəyirik. Lakin Avropa İttifaqına yaxınlaşma və ya üzvlük halında yaranacaq problemləri görürük. Əslində həmin problemlər artıq ortaya çıxmağa başlayıb”, - deyə Overçuk qeyd edib.

Məqalədə vurğulanır ki, oxşar fikirləri mayın 9-da Rusiya Prezidenti Vladimir Putin də daha ümumi formada səsləndirib.

Nəşr qeyd edir ki, Rusiya son illər Ermənistanın “Avropa meylləri” ilə bağlı müxtəlif narahatlıqlar ifadə etsə də, “Ermənistanın Avrasiya İqtisadi Birliyindəki statusunun müzakirə olunacağı” barədə bu qədər sərt formul ilk dəfə səsləndirilir.

Müəllif yazır ki, Rusiyanın əsl niyyətini anlamaq çətindir və Ermənistanda “rusların səbr kasası dolub” fikirlərini birmənalı qəbul etmək olmaz.

“Xüsusilə nəzərə alsaq ki, bu məsələni ən fəal şəkildə Azərbaycanla Rusiya münasibətlərinin bir hissəsini koordinasiya edən Overçuk gündəmə gətirir. Hazırkı mərhələdə isə Azərbaycan üçün Ermənistanda Paşinyan hakimiyyətinin davam etməsi daha əlverişli görünür.

İstisna deyil ki, Moskva Avrasiya İqtisadi Birliyində Ermənistanın statusu məsələsini qaldırmaqla seçki ərəfəsində Paşinyana son və ən təsirli dəstəyini verməyə çalışır.

Məsələn, seçkiyə bir həftə qalmış Ermənistanın Avrasiya İqtisadi Birliyindən uzaqlaşdırılması erməni cəmiyyətinin böyük hissəsi tərəfindən Rusiyanın növbəti zərbəsi kimi qəbul edilə və “suverenlik uğrunda mübarizə aparan güclü baş nazir” ətrafında konsolidasiyaya səbəb ola bilər”, - deyə müəllif qeyd edib.

Məqalədə bildirilir ki, əgər Moskva blef oynayırsa, artıq iyun ayında Ermənistan başqa formul altında yenidən Avrasiya İqtisadi Birliyinə qaytarıla bilər.

“Paşinyan özü də seçki kampaniyası zamanı iyunun sonunda Putinlə görüşünün planlaşdırıldığını eyham vurub”, - deyə nəşr yazıb.

Bununla yanaşı, müəllif başqa ssenarinin də mümkün olduğunu vurğulayıb.

“Əgər Rusiya texnoloji deyil, geosiyasi alətlərdən istifadə edirsə, Ermənistan həqiqətən də Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər və bunun ağır nəticələri olacaq”, - deyə məqalədə qeyd olunub.

Müəllifin fikrincə, belə olan halda Ermənistan biznesi qısa müddətdə böyük bazarını itirəcək, Rusiya isə qazın qiymətini artırmaqdan başlayaraq digər iqtisadi sanksiyalarla ölkədə ciddi böhran yarada bilər.

“Bu halda “Vətəndaş Müqaviləsi” “xarici imperiyaya qarşı mübarizə” şüarı ilə seçkidə qalib gələ bilər. Lakin sentyabrda Paşinyanın dediyi kimi müharibə deyil, sosial partlayış və hətta aclıq baş verə bilər”, - deyə müəllif vurğulayıb.

Məqalənin sonunda qeyd olunur ki, Ermənistanın elə bir mərhələyə çatması düşündürücüdür ki, istənilən seçkinin nəticəsi ya müharibə, ya da aclıq kimi təqdim olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin