Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Jurnalistlər İnsan Haqları Naminə” ictimai təşkilatının sədri, hüquq müdafiəçisi Janna Aleksanyan deyib.
Erməni hüquq müdafiəçisi bildirib ki, Ermənistanda hüquq-mühafizə sistemi tamamilə siyasi hakimiyyətin nəzarətinə keçib.
“Ölkəni idarə edən şəxs artıq nə qanuna, nə də Konstitusiyaya ehtiyac duyur. Çünki bütün hüquq-mühafizə orqanlarını özünə tabe etdirib və onlar da buna könüllü razılaşıblar”, - deyə Aleksanyan vurğulayıb.
Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” komandasının davranışında mənəvi sərhədlər tamamilə aradan qalxıb.
“Məsələn, “Yerablur”da qara geyimli analarla, ölmüş hərbçilərin ailələri ilə necə rəftar etdiklərini gördük. İtkin düşmüş və ya həlak olmuş hərbçinin anası ilə belə davranmaq, onu sürükləmək, zor tətbiq etmək və cinayət işi açmaq əvvəllər mümkün deyildi”, - deyə erməni hüquq müdafiəçisi qeyd edib.
Aleksanyan hesab edir ki, Ermənistanda hüquq-mühafizə sistemi faktiki olaraq mövcud deyil.
“Deyirlər ki, hakimiyyət insanı pozur, mütləq hakimiyyət isə tamamilə pozur. Bu gün vəziyyət məhz belədir. Nikol Paşinyan hər şeyə özü qərar verir”, - deyə o bildirib.
O, Artur Osipyan və Narek Karapetyanla bağlı cinayət işlərini də nümunə göstərib.
“Tamamilə günahsız insanlara qarşı iş açılır. Təqsirsizlik prezumpsiyasını Nikol Paşinyan özü məhv edib”, - deyə Aleksanyan vurğulayıb.
Erməni hüquq müdafiəçisi Ermənistanın Rusiyadan uzaqlaşdığı barədə deyilənləri də inandırıcı hesab etmədiyini bildirib.
“Əgər Gümrüdə Rusiya bazası və rus sərhədçiləri qalırsa, nəyə görə mübarizə apardıqlarını demək çətindir. Paşinyan özü də yaxınlarda Putinlə dost münasibətlərindən danışırdı. Ermənistanın Rusiyadan asılılığı hələ də çox yüksəkdir. Bütün ekspertlər bunu təsdiqləyirlər. Paşinyanın özü uzun illər rus siyasətinə və rus-türk siyasətinə xidmət edib”, - deyə erməni hüquq müdafiəçisi bildirib.
O, seçkiqabağı dövrdə baş vermiş ölüm hadisəsinin ciddi rezonans doğura biləcəyini də vurğulayıb.
“Məncə, hakimiyyət bu hadisənin unudulması üçün məqsədli şəkildə səs-küy yaradırdı. İnsan doğrudanmı bir poster cırdığına görə həyatını itirib?” - deyə Aleksanyan bildirib.
Erməni hüquq müdafiəçisi əlavə edib ki, beynəlxalq insan haqları təşkilatları bu hadisəyə mütləq reaksiya verəcəklər.
“Mən iyunun 7-dən sonra ədalət uğrunda mübarizə aparılan, amma qansız bir Ermənistanda oyanmaq istəyirəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az