“Past”: Sübut yoxdur, Rusiyanın altı vətəndaşı Ermənistanda casusluq ittihamı ilə həbsdə saxlanılır

2026/05/1779431116.jpg
Oxunub: 421     15:16     26 May 2026    
“Ermənistanda parlament seçkilərinə iki həftədən bir qədər çox vaxt qaldığı bir vaxtda Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının reytinqinin ciddi şəkildə aşağı düşdüyü bildirilir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sübut yoxdur, Rusiyanın altı vətəndaşı Ermənistanda casusluq ittihamı ilə həbsdə saxlanılır” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, ölkədə iqtisadi vəziyyət ağırlaşır, əhali yoxsullaşır, xarici siyasətdə isə vəziyyət “çəhrayı deyil”.

“Ermənistan Rusiyadan və Moskvanın dəstəklədiyi Avrasiya İqtisadi Birliyi, KTMT kimi geosiyasi strukturlardan uzaqlaşmaqla əvvəlki siyasi və iqtisadi dəstəyi itirmək riski ilə üzləşir.

Casusluqda ittiham olunan altı Rusiya vətəndaşı artıq iki ildir Ermənistan həbsxanalarında məhkəməni gözləyir. Rusiya tərəfi öz vətəndaşlarına kömək etmək və onların konkret hansı cinayətdə ittiham olunduğunu öyrənmək üçün bütün addımları atır. Lakin heç bir cavab yoxdur və məhkəmə iclasları müxtəlif bəhanələrlə dəfələrlə təxirə salınır”, - deyə nəşr qeyd edib.

Müəllif yazır ki, Nikol Paşinyan son açıqlamalarında Rusiyaya hörmətlə yanaşdıqlarını və münasibətlərdə kəskin addımlar atmayacaqlarını desə də, reallıqda vəziyyət fərqlidir.

“Əgər Ermənistan hakimiyyətinin real addımlarına baxsaq, Rusiyaya qarşı nə hörmət, nə də isti münasibət görmək olar. Əksinə, münasibətləri zəhərləmək və konkret insanların həyatını məhv etmək üçün hər şey edilir”, - deyə məqalədə bildirilib.

Nəşr qeyd edir ki, 2024-cü ilin iyununda Rusiya vətəndaşı Artyom Maxmutov Ermənistanda saxlanılıb. Bir qədər sonra isə digər rusiyalı Daniil Semenyuk da həbs edilib.

“Semenyuk Ermənistana ilk dəfə gəlirdi və o, İrəvan hava limanında saxlanılıb. Hər ikisi casus adlandırılıb. Onlar uşaqlıqdan bir-birlərini tanıyıblar və Ermənistanda Azərbaycan mədəni irsi ilə bağlı sənədli film üzərində işləməyi planlaşdırıblar.

Rəsmi müqaviləyə əsasən, onlar qədim müsəlman qəbiristanlıqlarını, məscid qalıqlarını və muzeyləri lentə almalı idilər. Maxmutov bir həftədən bir qədər artıq işlədiyi müddətdə qadağan olunmuş ərazilərdə olmayıb və hərbi obyektləri çəkməyib”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, dostlarına kömək etmək üçün Ermənistana gedən Viktor Tixomirov da casusluqda ittiham olunaraq həbs edilib.

“Filmin layihəsi yalnız tarixi məkanların çəkilişi ilə bağlı idi”, - deyə rusiyalı rejissor Nikolay RT-yə bildirib.

Nəşr qeyd edir ki, daha sonra Dağıstan sakinləri Emirxan Emirxanov və Səid Əliyev, eləcə də jurnalist Vladislav Elizeyev də eyni ittihamlarla saxlanılıblar.

“Onların hamısı casusluq ittihamlarını qəti şəkildə rədd edir”, - deyə məqalədə vurğulanıb.

RT-nin araşdırmasına istinad edən müəllif yazır ki, ittiham materiallarında çəkilmiş foto və videoların Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığına dair heç bir konkret sübut yoxdur.

“Bu tarixi abidələrin görüntüləri internetdə açıq şəkildə mövcuddur. Üstəlik, Ermənistan hakimiyyətinin “casus”ların xidmətlərinə görə minlərlə rubl aldıqları barədə iddiaları da şübhəli görünür”, - deyə nəşr qeyd edib.

Məqalədə bildirilir ki, İrəvanın əsas narazılığı Ermənistanda Azərbaycan mədəni irsi ilə bağlı mümkün film layihəsi olub.

“Lakin yaradıcı qrup üzvlərini casusluqda ittiham etmək və onları illərlə həbsdə saxlamaq qəbuledilməzdir. Əgər Nikol Paşinyan həqiqətən Rusiyaya hörmət etdiyini deyirsə, o zaman haqsız yerə həbs olunan Rusiya vətəndaşlarını dərhal azad etməlidir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin