“Past”: Avrasiya İqtisadi Birliyindən ayrılmaq Ermənistanı böhrana sürükləyə bilər

2026/04/1775888747.jpg
Oxunub: 421     15:55     26 May 2026    
“Son dövrlər Ermənistan iqtisadiyyatı mürəkkəb və ziddiyyətli vəziyyətlə üzləşib. Bir tərəfdən Rusiya ilə ticarət dövriyyəsi rekord həddə çatır, digər tərəfdən isə siyasi münasibətlərin soyuması artıq iqtisadi sahəyə də təsir göstərməyə başlayıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avrasiya İqtisadi Birliyindən ayrılmaq Ermənistanı böhrana sürükləyə bilər” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, Nikol Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları fonunda ekspertlər Ermənistanın hələ də Avrasiya İqtisadi Birliyi bazarından ciddi şəkildə asılı olduğunu bildirirlər.

“Yalnız 2024-cü ildə Ermənistan-Rusiya ticarət dövriyyəsi 12,4 milyard dollara çatıb. Ermənistan ixracatının böyük hissəsi hələ də Rusiya bazarına yönəlir. Xüsusi əhəmiyyət daşıyan sahələrdən biri də energetikadır. Ermənistan Rusiyadan qazı güzəştli qiymətlə alır və tədarük şərtlərinin dəyişməsi məhsul və xidmət qiymətlərində ciddi artıma səbəb ola bilər”, - deyə məqalədə qeyd olunub.

Erməni hərbi-siyasi analitik Hayk Nahapetyanın sözlərinə görə, Ermənistan kənd təsərrüfatı məhsullarının təxminən 98 faizi Rusiya bazarında satılır.

“İçkilərin və emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracının 78 faizi də yalnız Rusiyaya yönəlir. Ermənistanın ümumi ticarət dövriyyəsinin təxminən 38 faizi Rusiyanın payına düşür. Halbuki Avropa İttifaqı ölkələri ilə birlikdə bu göstərici cəmi 10 faiz təşkil edir”, - deyə erməni ekspert bildirib.

Məqalədə vurğulanır ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinin gömrük məkanından çıxması ağır nəticələrə səbəb ola bilər.

“Avropa bazarları son dərəcə rəqabətlidir və Ermənistan məhsullarının orada yer tutması asan olmayacaq. Eyni zamanda Türkiyə ilə iqtisadi münasibətlər dərinləşərsə, Ermənistan bazarı ucuz türk kənd təsərrüfatı məhsulları ilə dolacaq. Bu halda erməni fermerlər rəqabətə tab gətirməyərək müflis ola, torpaqlarını itirə və miqrasiya ilə üzləşə bilərlər”, - deyə nəşr qeyd edib.

Təhlükəsizlik məsələləri üzrə erməni ekspert Armen Manvelyan isə bildirib ki, Ermənistanın bütün ticarət dövriyyəsi əsas dayağı Rusiya olan Avrasiya İqtisadi Birliyi ilə bağlıdır.

“Avropa İttifaqı Ermənistandan məhsul almır. Vaxtilə müəyyən həcmdə xammal alırdı, lakin hazırda həmin məhsulların əsas alıcısı Çindir. Avropa bazarı həddindən artıq doludur və rəqabət çox böyükdür”, - deyə Manvelyan vurğulayıb.

Erməni rkspert qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyi sayəsində qaz, dizel yanacağı, benzin və Metsamor Atom Elektrik Stansiyası üçün zənginləşdirilmiş uranı beynəlxalq bazardan daha ucuz qiymətə əldə edir.

“Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması və ya Rusiya ilə münasibətlərin pozulması uzunmüddətli iqtisadi böhrana gətirib çıxara bilər. Hazırda Ermənistanın bunun üçün alternativ həlli yoxdur”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin