“Zham.am”: “The Insider” niyə Paşinyan hakimiyyəti ilə əməkdaşlıq edir?

2026/05/1779345185.jpg
Oxunub: 374     16:32     26 May 2026    
“Bu gün Nikol Paşinyanın təsiri altında olan media orqanları Sarqis Karapetyan və Qaqik Tsarukyan haqqında yayılan materialları geniş şəkildə tirajlayır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Zham.am” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, sözügedən materiallar “sarı mətbuat nümunəsi” adlandırılan Rusiyanın “The Insider” nəşrində yayılıb və gələcəkdə digər erməni müxalifətçiləri haqqında da oxşar “məlumatların” dövriyyəyə buraxılması istisna edilmir.

Nəşr bildirir ki, bu media qurumunun arxasında duran şəxsi anlamaq üçün onun təsisçisi Roman Dobroxotovun fəaliyyətinə diqqət yetirmək lazımdır.

Məqalədə Roman Dobroxotov “Rusiya hakimiyyətinə qarşı uzun illərdir mübarizə aparan və bunun müqabilində Qərb xüsusi xidmət orqanlarından dəstək alan rusiyalı müxalifətçi” kimi təqdim edilir.

“Dobroxotovun “The Insider” nəşri Donald Trampın qeyd etdiyi “fake news” resurslarından biridir. Bu media orqanı Qərb xüsusi xidmət orqanlarından əldə edilən materiallar əsasında Putin hakimiyyətinə qarşı müxtəlif materiallar yayımlayır.

Roman Dobroxotov Rusiyanı ilk axtarışlardan dərhal sonra tərk edib. Buna səbəb onun 2014-cü ildə Donbas üzərində MH17 sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran hollandiyalı jurnalist Maks van der Verfi böhtan ataraq hədəfə çevirməsi olub. Qərbdə müəyyən dairələr hollandiyalı jurnalistin araşdırmasından narazı qaldılar və rusiyalı sarı mətbuat nümayəndəsi Dobroxotov vasitəsilə ona qarşı qarayaxma kampaniyası aparmağa çalışdılar”, - deyə məqalədə bildirilir.

Nəşr iddia edir ki, həmin Qərb dairələri Avropada nüfuzlu jurnalist və ya media orqanı tapa bilmədikləri üçün bu məqsədlə Dobroxotovdan istifadə ediblər.

“Məhz buna görə hollandiyalı jurnalist onu nüfuzdan salmağa çalışdığı üçün Dobroxotovu məhkəməyə verdi. Roman Dobroxotov həbs olunmamaq üçün Rusiyadan qaçmağa məcbur olub”, - deyə müəllif yazıb.

Nəşr daha sonra Nikol Paşinyanla bağlı ittihamlar səsləndirib.

“Tamamilə məntiqlidir ki, rus sarı mətbuatının nümayəndəsi Dobroxotov Ermənistanın sarı mətbuat nümayəndəsi Nikol Paşinyanı dəstəkləsin. Paşinyan artıq 8 ildir Ermənistan Baş naziri kürsüsündə oturub”, - deyə məqalədə qeyd edilir.

“Zham.am” yazır ki, Dobroxotov Qərb dairələrinin dəstəyi ilə 2013-cü ildə hazırda Riqada fəaliyyət göstərən “The Insider” onlayn nəşrini yaradıb.

“Həmin media vasitəsilə Qərb dairələri onlar üçün təhlükə hesab etdikləri şəxslər barədə saxta “sızmalar” yayımlayırlar. Bundan başqa, bu nəşr vasitəsilə guya Rusiyaya qarşı sanksiyalardan yayınan şirkətlər hədəfə alınır və nəticədə həmin şirkətlər Qərb sanksiyalarına məruz qalır”, - deyə məqalədə bildirilir.

Nəşr Almaniyanın “Der Spiegel” jurnalına istinadən iddia edir ki, “The Insider” Qərbin müxtəlif fondlarının ianələri hesabına maliyyələşdirilir və həmin fondların arxasında Qərb xüsusi xidmət orqanları dayanır.

“Qərbdə bu tip rusiyalı şəxslərdən o hallarda istifadə olunur ki, nüfuzlu Qərb media orqanları öz reputasiyalarını xırda qazanca dəyişmək istəmirlər. Paşinyan hakimiyyəti də “son ümid yeri kimi” bu cür sarı mətbuat vasitələrinə arxalanmağa məcburdur. Bu, reallıqdır”, - deyə məqalədə vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   The-Insider  


Bizi "telegram"da izləyin