Erməni jurnalist: “Rusiyadakı erməniləri ya yük təyyarələri, ya da ZİL maşınları ilə Lars keçidinə gətirəcəklər”

2026/05/1779345068.jpg
Oxunub: 433     16:12     26 May 2026    
“Paşinyanın tipik Saakaşvili ssenarisi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yerkir.am” saytının baş redaktoru Vahe Sarkisyan yazıb.

Erməni jurnalist bildirib ki, “agentlər” mövzusu ətrafında aparılan kampaniya ona 2006-cı ildə Gürcüstanda baş verən hadisələri xatırladır.

“2006-cı ildə Gürcüstan Prezidenti Mixail Saakaşvili və daxili işlər naziri Vano Merabişvili ölkə və xalq üçün faciəvi nəticələr doğuran addımlar atdılar. Sonrakı hakimiyyətlər bu nəticələri hələ də aradan qaldıra bilməyiblər”, - deyə Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, həmin dövrdə əsas iki hadisə, Abxaziya istiqamətində həyata keçirilən əməliyyatlar və “rus casus şəbəkəsinin ifşası” şousu Rusiyanı ciddi şəkildə qəzəbləndirmişdi.

Sarkisyan qeyd edib ki, 2006-cı ilin iyulunda Gürcüstan təhlükəsizlik qüvvələri Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə Kodori dərəsinin yuxarı hissəsində genişmiqyaslı xüsusi əməliyyat keçiriblər.

“Əməliyyatın formal məqsədi svan əsilli Emzar Kvitsianinin rəhbərlik etdiyi yerli silahlı dəstələri zərərsizləşdirmək idi. Rusiya həmin əməliyyatları 1994-cü il atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib və nəticədə Suxumi ilə Tbilisi arasında danışıqlar tamamilə dayanıb.

İkinci “avantüra” isə “böyük casus şəbəkəsinin aşkarlanması” ilə bağlı olub. Sentyabrın 27-də Gürcüstan xüsusi xidmət orqanları Rusiya Baş Kəşfiyyat İdarəsinin dörd zabitini saxladı və onları casusluq və diversiya planlaşdırmaqda ittiham etdi”, - deyə o qeyd edib.

O bildirib ki, Gürcüstan oktyabrın əvvəlində saxlanılan zabitləri ATƏT nümayəndələrinə təhvil versə də, artıq Rusiyanın səbr kasası dolmuşdu.

“Bundan sonra Rusiya öz səfirini geri çağırdı, Gürcüstanla hava, dəniz, avtomobil və poçt əlaqələrini tam bağladı, viza verilməsini dayandırdı. Bizim çox sevdiyimiz Lars keçid məntəqəsi də üç ildən çox bağlı qaldı”, - deyə Sarkisyan vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanları gürcü sahibkarların, ticarət şirkətlərinin və miqrantların yaşadığı yerlərdə kütləvi yoxlamalara başlayıb.

“Bu siyasi böhran Rusiyadan Gürcüstan vətəndaşlarının kütləvi deportasiyasına gətirib çıxardı. Gürcüstan Ədliyyə Nazirliyi və Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatına görə, 2006-cı ilin oktyabrından 2007-ci ilin aprelinədək Rusiya məhkəmələri 4600-dən çox deportasiya qərarı qəbul edib. Onlardan təxminən 2380 nəfər saxlanılıb və məcburi şəkildə ölkədən çıxarılıb, qalanları isə təqib təhlükəsi səbəbindən ölkəni könüllü tərk edib”, - deyə o bildirib.

Erməni jurnalist qeyd edib ki, “Human Rights Watch” da böhranın ilk iki ayında 2300-dən çox insanın deportasiya edildiyini açıqlamışdı.

Sarkisyanın sözlərinə görə, Rusiya rəsmiləri bunu qanunsuz miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı planlı kampaniya kimi təqdim etsələr də, faktiki olaraq qanuni vizası və yaşayış icazəsi olan şəxslər, hətta Rusiya vətəndaşı olan etnik gürcülər də təzyiqlərə məruz qalıb.

“Əslində deportasiya Gürcüstan rəhbərliyinə siyasi və iqtisadi təzyiq vasitəsinə çevrilmişdi. Çünki miqrantların göndərdiyi pul köçürmələri Gürcüstan iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyırdı. Yerli polis bölmələrinə gürcü əsilli şəxslərin genişmiqyaslı axtarışına dair gizli göstərişlər verilmişdi. Gürcü mənşəli şəxslərə məxsus ticarət obyektlərində kütləvi yoxlamalar aparıldı. Restoranlar, kazinolar, hotellər və mağazalar bağlandı. Rəsmi səbəb kimi sanitar yoxlamalar və vergi pozuntuları göstərilirdi”, - deyə o bildirib.

Erməni jurnalist qeyd edib ki, müntəzəm hava əlaqəsi dayandırıldığı üçün insanlar Tbilisiyə Fövqəladə Hallar Nazirliyinin yük təyyarələri ilə daşınırdı.

“Saxlanılan şəxslər həddindən artıq dolu saxlanma məntəqələrində yerləşdirilirdi və ən azı iki gürcü orada həyatını itirmişdi”, - deyə Sarkisyan vurğulayıb.

O qeyd edib ki, 2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın 2006-cı ilin payızında Gürcüstan vətəndaşlarının kollektiv deportasiyasını həyata keçirdiyini rəsmən təsdiqləyib.

“Yaxın zamanda Rusiyadakı erməniləri də Nikol Paşinyanın hakimiyyəti şəraitində məhz belə taleyin gözlədiyini düşünürəm. Sadəcə bilmirəm, onları FHN-in yük təyyarələri ilə deportasiya edəcəklər, yoxsa ZİL maşınlarına yığıb Lars keçidinə gətirəcəklər”, - deyə erməni jurnalist bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin