Ordu.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumununun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusundə tədbirdə bildirib.
Onun sözlərinə görə, Şuşa Azərbaycanın tarixi mədəniyyəti və şəhər irsi daxilində xüsusi yer tutur: "Şəhər 25 000 nəfər əhali üçün planlaşdırılıb, turizm və mədəni inkişaf zonaları daxil olmaqla təqribən 390 hektar sahəni əhatə edir. Şuşa üçün şəhər inkişaf strategiyası şəhərin tarixi şəhərsalma strukturuna hörmət etməyə və müasir ictimai, biznes və yaşayış zonalarının tətbiq edilməsinə əsaslanır. Əsas layihələrə tarixi baş küçənin canlandırılması, Zəfər Muzeyinin inkişafı və mövcud şəhər mənzərəsinə inteqrasiya olunmuş müasir yaşayış məhəllələrinin tikintisi daxildir".
Sədr əlavə edib ki, Şuşada həyata keçirilmiş layihələrə artıq yeni yaşayış məntəqələrinin tikintisi daxildir: "450 mənzildən ibarət ilk yaşayış məhəlləsi tamamlanıb, 1 400-dən çox insanı yerləşdirib. Eyni zamanda, Yuxarı Gövhərağa Məscidi daxil olmaqla mühüm tarixi abidələrdə bərpa işləri başa çatdırılıb. Beşulduzlu Şuşa Oteli kimi yeni qonaqpərvərlik obyektləri turizm infrastrukturunun inkişafına töhfə verir. Növbəti şəhərimiz Kəlbəcər zəngin təbii ehtiyatlarına, dağlıq landşaftlarına və istirahət potensialına əsaslanaraq sağlamlıq və ekoturizm istiqaməti kimi inkişaf etdirilir. Şəhər 17 000 nəfər əhali üçün planlaşdırılıb, turizm və səhiyyə inkişaf zonaları daxil olmaqla 290 hektardan çox sahəni əhatə edir. Baş plan səhiyyə və sağlamlıq obyektlərini nəzərdə tutur".
Ordu.az