Mirzoyan: “Rusiya ilə “boşanma” niyyətimiz yoxdur, amma seçimi özümüz edəcəyik”

2026/05/1779187951.jpg
Oxunub: 337     14:48     19 May 2026    
“Ermənistan heç bir tərəfdaşı, o cümlədən Rusiya ilə siyasi “boşanma” niyyətində deyil, lakin suveren dövlət müstəqil qərar vermək hüququna hamının hörmət etməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan litvalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyan may ayında keçirilmiş Ermənistan-Avropa İttifaqı sammitinin nəticələrini yüksək qiymətləndirərək onu son dərəcə effektiv adlandırıb.

O xatırladıb ki, görüşün yekununda tərəfdaşlığın dərinləşdirilməsi və inteqrasiyanın konkret istiqamətlərini müəyyən edən 35 maddədən ibarət geniş birgə sənəd qəbul olunub.

Mirzoyan qeyd edib ki, bu istəklər artıq parlament tərəfindən dəstəklənmiş qanunvericilik təşəbbüsü formasını alıb.

Rusiya rəhbərliyinin açıqlamalarını, xüsusilə Vladimir Putinin inteqrasiya vektorunun seçilməsi ilə bağlı çağırışlarını və “mədəni boşanma” ifadələrini şərh edən erməni nazir vəziyyətin dramatikləşdirilməməsinə və süni gərginlik yaradılmamasına çağırıb.

O bildirib ki, Ermənistanı Rusiya ilə çoxsaylı möhkəm əlaqələr bağlayır və İrəvan qarşılıqlı faydalı münasibətləri sağlam dialoq mühitində inkişaf etdirmək niyyətindədir.

Bununla yanaşı, Mirzoyan ölkəsinin suveren seçim məsələsində prinsipial mövqeyini vurğulayıb.

“Biz çox yaxşı anlayırıq və bunu bizə Rusiyanın deməsinə ehtiyac yoxdur ki, Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqına üzvlük bir-biri ilə uyğun gəlmir. Eyni zamanda həm Avrasiya İqtisadi Birliyində qalmaq, həm də Avropa İttifaqına üzv olmaq mümkün deyil. Biz isə Avropa İttifaqına doğru hərəkətimizi davam etdirəcəyik”, - deyə diplomat bildirib.

Ermənistan XİN rəhbəri əlavə edib ki, hansısa “dövlətlər ailəsi”nin lehinə yekun seçim vaxtı gəldikdə Ermənistan bu qərarı kənar təzyiq və göstəriş olmadan, yalnız milli maraqları rəhbər tutaraq özü qəbul edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin