Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Təqaüdçülərin sevinci qısa çəkdi, bir əllə verirlər, o biri əllə alırlar” başlıqlı məqaləsində yazıb.
Məqalədə qeyd olunub ki, Nikol Paşinyan hara gedirsə, pensiyaların artırılmasını təqaüdçülərin üzünə vurur.
“Pensiyaların artırılmasından elə qürurla danışırlar ki, sanki artırılan məbləğ 10 min dram deyil. Hakimiyyət hər dəfə pensiyaların artırılmasını xatırlatsa da, son aylarda Ermənistanda qiymətlərin sürətlə artdığını və nəticədə təqaüdçülərin bu artımdan demək olar ki, heç nə qazanmadığını unudur.
Təqaüdçü indi eyni məhsulu almaq üçün əvvəlkindən qat-qat çox pul ödəməyə məcburdur”, - deyə məqalədə qeyd olunub.
Nəşrin yazdığına görə, ilin əvvəlindən etibarən Ermənistanda inflyasiya tempi kəskin şəkildə sürətlənib.
“İnflyasiya artıq çoxdan nəzərdə tutulan hədəfin yuxarı həddini keçib, lakin Mərkəzi Bank tədbir görməyə tələsmir. Əksinə, əsas faiz dərəcəsini dəyişməz saxlayaraq qiymət artımının daha da sürətlənməsi üçün münbit şərait yaradır.
Apreldə, yəni pensiyaların artırıldığı ayda Ermənistanda illik inflyasiya 5,3 faizə çatıb. Bu, özü-özlüyündə ciddi siqnaldır. Amma təqaüdçü üçün əsas məsələ orta inflyasiya deyil, hər gün aldığı məhsulların qiymətidir”, - deyə nəşr yazıb.
Müəllif xüsusilə ərzaq məhsullarının bahalaşmasına diqqət çəkib.
“Ərzaq məhsullarının qiyməti apreldə ötən ilin eyni dövrü ilə müqayisədə artıq 9,5 faiz artıb. Bu isə təqaüdçülər və ümumilikdə istehlakçılar üçün əsas əhəmiyyət daşıyan məhsullarda demək olar ikirəqəmli inflyasiya deməkdir”, - deyə məqalədə bildirilib.
Nəşr vurğulayıb ki, təkcə bir ay ərzində - martdan aprelə qədər ərzaq məhsulları daha 2,8 faiz bahalaşıb.
Məqalədə müxtəlif məhsullar üzrə qiymət artımları sadalanıb.
“Mal əti 20,5 faiz, quzu əti təxminən 15 faiz, donuz əti 12,5 faiz bahalaşıb. Quş əti təxminən 5 faiz, yumurta isə bir il ərzində 31 faizdən çox bahalaşıb. Bitki yağı 11,6 faiz, kərə yağı 8,7 faiz, pendir 8,5 faiz, xama 9,3 faiz, süd 9 faiz, kəsmik 7,1 faiz bahalaşıb”, - deyə müəllif qeyd edib.
Məqalədə bildirilib ki, makaron məhsulları 11 faiz, müxtəlif yarmalar isə 7-10 faiz aralığında bahalaşıb.
“Meyvələrdə də ikirəqəmli qiymət artımı qeydə alınıb. Bu il meyvələr ötən illə müqayisədə 10,3 faiz bahadır. Tərəvəz məhsullarında da qiymət artımı yüksəkdir. Apreldə ötən ilin eyni ayı ilə müqayisədə qiymətlər 6,5 faiz artıb. Xüsusilə pomidorun qiyməti kəskin yüksələrək 31 faizdən çox bahalaşıb.
Bahalaşma yalnız ərzaq məhsulları ilə məhdudlaşmır. Qeyri-ərzaq məhsulları və xidmətlər də bahalaşıb. Hakimiyyət bir vaxtlar idxal edilən benzinin möcüzələrindən danışırdı, amma bu ilin aprelində benzinin qiyməti ötən ildəkindən daha yüksək olub. Dizel yanacağında inflyasiya 7 faiz, maye qazda isə 48,8 faiz təşkil edib”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunub ki, təqaüdçü benzin və ya qaz istifadə etməsə belə, ərzaq məhsullarından imtina edə bilməz.
“Ərzaq məhsullarında 9,5 faizlik inflyasiya təqaüdçünün cibinə ciddi zərbədir. Bu o deməkdir ki, pensiya artımı elə artdığı anda əriyir. Zahirdə təqaüdçü daha çox pul alır, amma eyni anda çörəyə, süd məhsullarına, yağa, ətə, meyvə və tərəvəzə daha çox pul ödəyir”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, nəticədə təqaüdçülərin həyatında real yaxşılaşma baş vermir.
“Əgər insan əvvəllər ayın xərclərini güclə qarşılayırdısa, indiki bahalaşma şəraitində 10 min dramlıq artım ciddi problem həll etmir. Ən yaxşı halda, inflyasiyanın vurduğu zərbəni bir qədər yumşaldır”, - deyə məqalədə qeyd olunub.
Müəllifə görə, pensiya artımının əsas saxtakarlığı da məhz budur.
“Bir əllə verirlər, digər əllə isə inflyasiya vasitəsilə geri alırlar. Təqaüdçü pul kisəsində bir qədər çox pul olduğunu görür, amma mağazada həmin pulla əvvəlkindən daha az məhsul ala bilir.
Pensiya artımı təqaüdçünün həyat şəraitini yaxşılaşdırmırsa, bu artıq sosial tədbir deyil, təbliğat vasitəsinə çevrilir. Seçkilər öncəsi pensiyaları artırıb, lakin bu artımı inflyasiyadan qorumayan hakimiyyət əslində bunu siyasi baxımdan seçki rüşvətinə çevirir”, - deyə müəllif qeyd edib.
Nəşr əlavə edib ki, “Vətəndaş Müqaviləsi” partiyasının 2026-2031-ci illər üçün proqramında yeni pensiya artımı nəzərdə tutulmur.
“Onlar hesab edirlər ki, artıq pensiyaları kifayət qədər artırıblar və bundan sonra yalnız indeksasiya ilə kifayətlənəcəklər. Üstəlik, bunu da yalnız 2028-ci ildən etməyi planlaşdırırlar”, - deyə məqalədə bildirilib.
Müəllif sonda vurğulayıb ki, əgər “Vətəndaş Müqaviləsi” yenidən hakimiyyətə gəlsə, təqaüdçülər daha iki il gözləməli olacaqlar.
“Həmin vaxta qədər isə ümidlərini artıq dəyərinin böyük hissəsini itirmiş 10 min drama bağlamalı olacaqlar”, - deyə məqalədə qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az