Türkiyə müdafiə sənayesində yeni yol xəritəsi: Süni zəka və ekosistem mühəndisliyi ön plana çıxır

2026/05/Ekran-1778786425.jpg
Oxunub: 604     23:15     14 May 2026    
Türkiyə müdafiə sənayesinin aparıcı qurumlarının rəhbərləri müdafiə sənayesində aparılan işlərdə yerli istehsal, ekosistem və AR-GE vurğusu ediblər.

Ordu.az xəbər verir ki, “Türkiyə Texnologiya Komandası Vəqfi” (T3 Vəqfi) və ODTÜ TEKNOFEST Cəmiyyətinin əməkdaşlığı ilə “Milli Texnologiya Zirvəsi” təşkil olunub.

HAVELSAN-dan süni zəka və ADVENT AI vurğusu

HAVELSAN baş direktoru Mehmet Akif Nacar ODTÜ Mədəniyyət və Konqres Mərkəzində keçirilən “Müdafiə Ekosistemi: Texnologiya Mühəndisliyinin Sinergiyası” panelində bildirib ki, keçmişdə hazırlanan informasiya sistemləri müəyyən bir anda vəziyyəti analiz edirdi, amma bu gün davamlı məlumat axını içində məna yaradan sistemlərə ehtiyac var.

Nacar deyib: “Biz indiyə qədər proqram mühəndisliyində həmişə deterministik proqramlar hazırladıq. İndi isə süni zəka dünyasından keçdiyimiz bu günlərdə çox sayda sensorlardan gələn nəhəng məlumatların axdığı və bu axın içində məna axtardığımız bir süni zəka sistemindən danışırıq.”

O, süni zəka texnologiyalarının artıq nəzəri müzakirə sahəsini keçdiyini, keçmişdə verilənlər bazalarına çıxışın məhdud olduğunu, lakin bu gün çox böyük həcmdə məlumatın davamlı axdığını bildirib.

Bu məlumatların təhlili ilə anomaliyaların aşkarlanması, situativ şüurun formalaşdırılması və qərar dəstək sistemlərinin inkişaf etdirildiyini qeyd edən Nacar müdafiə sənayesinin bu transformasiyanın mərkəzində yer aldığını vurğulayıb.

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış ADVENT Döyüş İdarəetmə Sistemini nümunə göstərən Nacar sistemin donanmadakı gəmilər, sualtı qayıqlar, dəniz patrul təyyarələri və qərargahlar arasında məlumat axınını bütöv şəkildə idarə etdiyini bildirib.

Nacar belə deyib: “Artıq sistemin ani qərar verməsi lazımdır. Çünki insanın bir anlıq baxması, bir sistemi aktivləşdirməsi çox uzun vaxt apara bilər. Buna görə də süni zəka ilə hazırladığımız sistemlərin yalnız qərar dəstəyi yox, icra funksiyasını da yerinə yetirən etibarlı quruluşa ehtiyacı var. Burada süni zəkanın yaratdığı insan nəzarətindən kənar bəzi etibarlılıq problemləri ilə bağlı suallar doğmalı deyilmi? Əlbəttə, doğulmalıdır və nəticə etibarilə bu dünyadan geri dura bilmərik. Çünki qarşımızdakı güclər və ya rəqib şirkətlər bunu tələb edir. Buna görə də düzgün quruluşla biz süni zəkanı istifadə etməli, onu öyrətməliyik”.

Nacar HAVELSAN-ın 2024-cü ildə qapalı şəbəkələrdə və məxfi məlumat mühitlərində istifadə üçün MAIN adlı süni zəka infrastrukturunu inkişaf etdirdiyini, SAHA 2026 çərçivəsində isə ADVENT-in süni zəka dəstəkli yeni versiyası olan ADVENT AI-ın elan edildiyini bildirib.

Çıxışının sonunda gənc mühəndislərə müraciət edən Nacar deyib: “Süni zəkaya ən yaxşı işi gördürə bilən insanlar önə çıxacaq. Bizim yazdığımız klaslar, kodlar, “Java”lar, “Python”lar, C++-lar artıq geri planda qalır. Buna görə də riskləri ən yaxşı təhlil edən, ən təhlükəsiz həlli verə bilən sistemlər quracaq, süni zəka modellərini gənclərə etibar edəcəyik”.

AR-GE, tədqiqat-inkişaf etdirmə və müdafiə ekosistemindən səmərəli istifadə vurğusu

STM baş direktoru Özgür Güleryüz də mühəndisliyin yanında AR-GE və tədqiqat-inkişaf etdirmə işləri ilə müdafiə ekosistemindən düzgün istifadə etməyin istehsal prosesindəki əhəmiyyətinə diqqət çəkib.

Güleryüz belə danışıb: “AR-GE olmadan texnologiya inkişaf etdirmək mümkün deyil, bunu etmədiyiniz zaman inkişaf etdirilən texnologiyaları uzaqdan izləmək məcburiyyətində qalırsınız. STM-də AR-GE-yə başlamazdan əvvəl ciddi tədqiqat-inkişaf etdirmə işi aparırıq. Türkiyə Silahlı Qüvvələrimizin, Müdafiə Sənayesi İkoitəsinin darəsinin fikirlərini alaraq mənzərəni bir qədər daha aydın görmək istəyirik. Lakin xərc baxımından səmərəli sistem inkişaf etdirmədiyiniz müddətdə onu satmağınız da çox çətin olur. “STM” olaraq NATO-nun kəşfiyyat proqramını hazırlayırıq, bu sahədə ciddi təcrübəmiz var. Bunu məhsul inkişafına da yavaş-yavaş yönəltməyə başladıq. Şirkətimizdə avtonom sistemlərdə hər şeyi özümüz etməyə çalışırdıq, xüsusilə KARGU ilə başlayan pilotsuz uçuş aparatı hekayəmizdə belə oldu, amma bir şirkətin hər mövzuda mütəxəssis olması mümkün deyil, buna görə də mövcud ekosistemdə olan startap şirkətlərin və ya fərqli şirkətlərin bacarıqlarını birləşdirmək lazımdır”.

Son müharibələrin müdafiə texnologiyalarında paradiqma dəyişikliyini aydın şəkildə ortaya qoyduğunu qeyd edən Güleryüz FPV pilotsuz uçuş aparatları, radioelektron mübarizə həlləri və fiber-optik sistemlər arasındakı qarşılıqlı dəyişimin döyüş meydanındakı texnoloji rəqabətin sürətini göstərdiyini bildirib.

Güleryüz qeyd edib: “Türkiyənin xüsusilə beynəlxalq aləmdə bu qədər uğurlu olmasında ən mühüm paradiqma dəyişikliklərinin başında çevik yanaşma gəlir. Pilotsuz uçuş aparatlarında böyük ölçülərdə Baykar ilə başlayan hekayəmiz də əslində belədir. BAYRAKTAR TB2 yaradıldı, çox sürətlə sahəyə çıxarıldı, addım-addım inkişaf edərək dünyada pilotsuz uçuş aparatı sahəsində ölkəmizin 65 faiz kimi bazar payına sahib olmasına gətirib çıxardı. Bu, həqiqətən qürur duyulası uğurdur. Amma üzərimizdə daha çox yük var”.

MİLDEN-də hidrogen yanacaq hüceyrəsi sualtı qayığın su altında qalma müddətini uzadacaq

“Hərbi Fabrik və Gəmiqayırma Zavodu İşlətmə Anonim Şirkəti”nin (ASFAT) baş direktoru Mustafa İlbaş Türkiyə Silahlı Qüvvələri inventarındakı təyyarə, tank və gəmilərin texniki xidmətini, təmirini və modernizasiyasını uğurla həyata keçirdiklərini vurğulayaraq bu strateji bacarıqların beynəlxalq arenaya da daşındığını bildirib.

İlbaş bu imkanları dost və müttəfiq ölkələr üçün də açdıqlarını diqqətə çatdıraraq bunları deyib:

“Dost və müttəfiq ölkələrin platformalarını Türkiyəyə gətirib onların texniki xidmətini, təmirini və modernizasiyasını birlikdə həyata keçirə bilirik. Eyni zamanda həm Türkiyədə ehtiyac olanda, həm də xaricdən tələb olunduqda bu zavodları və tərsanələri qurmaq bacarığımız var. Platformaların texniki xidmətini və təkmilləşdirilməsini həyata keçirmə qabiliyyətimizi təqdim edir, mühəndislik və texnologiyadan istifadə etməklə bunu gerçəkləşdiririk”.

ASFAT-ın hava, quru və dəniz sahələrində mühüm istehsallar həyata keçirdiyini bildirən İlbaş qurumun Türkiyə Hərbi Dəniz Qüvvələri üçün strateji əhəmiyyət daşıyan TF-2000 Hava Hücumundan Müdafiə Esminesi və Milli Sualtı Qayıq (MİLDEN) layihələrinin baş podratçısı olduğunu qeyd edib.

İlbaş deyib: “MİLDEN-də havadan asılı olmayan hərəkət sistemi olacaq. Ənənəvi dizel mühərriklə yanaşı, hidrogen yanacaq hüceyrəsi də olacaq. Hidrogeni və oksigeni aşağıda saxladığınızda elektrokimyəvi reaksiyanın nəticəsində elektrik istehsal edəcək. Bu da sualtı qayığımızın suyun altında qalma müddətini uzadacaq. Bu, çox kritik bir texnologiyadır”.

Dünyada hidrogen istehsalının böyük hissəsinin fosil yanacaqlardan əldə edildiyini, amma onların sudan elektroliz metodu ilə, bərpa olunan enerji mənbələrindən istifadə etməklə istehsalı tövsiyə etdiklərini deyən İlbaş belə danışıb:

“Enerji təchizatı təhlükəsizliyi təmin olunmasa, müdafiə təhlükəsizliyi də mümkün olmaz. Enerji və müdafiəni bir-birindən ayırmaq çox çətindir. Enerji təchizatı təhlükəsizliyi olmayan ölkənin müdafiə sənayesinin davamlılığı mümkün deyil”.

ODTÜ-dən Milli Texnologiya Hərəkatına töhfə

ODTÜ rektoru professor doktor Əhməd Yozqatlıgil universitet olaraq məqsədlərinin Milli Texnologiya Hərəkatı çərçivəsində istehsallar həyata keçirərək ölkənin yerli və milli texnologiya sahəsində inkişafına töhfə vermək olduğunu bildirib.

ODTÜ olaraq TEKNOFEST və digər beynəlxalq yarışlarda öz pilotsuz uçuş aparatlarını, robotlarını və roverlərini istehsal etdiklərini deyən Yozqatlıgil tələbələrin bu layihələri şəxsən həyata keçirdiklərini vurğulayıb.

Yaxın vaxtlarda universitet daxilində Milli Texnologiya Atelyesi açdıqlarını xatırladan Yozqatlıgil belə davam edib:

“Əslində bu, tələbələrin texnologiya kitabxanasına çevrildi. Tələbələr və komandalar orada şəxsən, gündəlik dillə desək, əllərini kirlədərək bunu həyata keçirirlər, layihələrini reallaşdırırlar və arzularının arxasınca gedirlər. Eyni şəkildə bir çox tələbəmiz hələ 3-cü kursda olarkən namizəd mühəndis kimi dəyərli müdafiə sənayesi şirkətlərimizdə layihələrdə çalışırlar. Həftənin müəyyən günlərini orada keçirirlər. Universitet olaraq da laboratoriyalarımızda sənaye ilə əməkdaşlıq şəraitində həyata keçirilən layihələrdə tələbələrimizin mühüm töhfəsini alırıq. ODTÜ İnkişaf Vəqfi vasitəsilə “ODTÜ-də tədqiqat bakalavrdan başlayır” şüarı ilə Adım ODTÜ layihə çağırışlarını, layihə yarışmalarını, layihə dəstəklərini hər il həyata keçiririk və sonra da “demoday” keçiririk”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-sənayesi   Türkiyə  


Bizi "telegram"da izləyin