Xorvatiya Avropa İttifaqının SAFE proqramı çərçivəsində 1,7 milyard avroluq müdafiə krediti sazişi imzalayıb

2026/05/1778780895.jpg
Oxunub: 378     21:39     14 May 2026    
Xorvatiya Avropa İttifaqının “Avropa Təhlükəsizlik Fəaliyyəti” (SAFE) birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 1,7 milyard avro məbləğində müdafiə krediti sazişi imzalayıb.

Ordu.az HINA agentliyinə istinadən xəbər verir ki, paytaxt Zaqrebdə keçirilən imzalanma mərasimində Xorvatiya adından Andrey Plenkoviç, İvan Anuşiç və Tomislav Çoriç iştirak ediblər.

Avropa Komissiyasının müdafiə məsələləri üzrə üzvü Andrius Kubilius da mərasimdə hazır olub.

Almaniya və Fransadan hərbi texnika alınacaq

Plenkoviç açıqlamasında bildirib ki, kredit hesabına Almaniya və Fransadan hərbi texnika alınacaq və müdafiə sərmayələri həyata keçiriləcək.

45 illik güzəştli kredit

Plenkoviç sazişin 45 il müddətinə və güzəştli şərtlərlə bağlandığını qeyd edib. Onun sözlərinə görə, kredit Xorvatiyanın 2035-ci ilə qədər müdafiə xərclərini 5 faizə çatdırmağı nəzərdə tutan yeni NATO hədəflərinə çatmasına töhfə verəcək.

Kubilius: “SAFE misilsiz vasitədir”

Kubilius isə Avropanın asan olmayan dövrdən keçdiyini bildirərək SAFE mexanizmini “misilsiz vasitə” adlandırıb.

SAFE proqramı çərçivəsində Xorvatiya ilə Avropa İttifaqı arasında imzalanmış 1,7 milyard avroluq müdafiə krediti sazişi imzaların atılmasından sonra qüvvəyə minib.

SAFE mexanizmi nədir?

Avropa İttifaqının Rusiyadan qaynaqlanan təhdid kimi qiymətləndirdiyi vəziyyət, Ukraynada davam edən müharibə və ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqləri nəticəsində formalaşan “müdafiədə 2030 hədəfləri”nin bir hissəsi olan SAFE 2025-ci il mayın 29-da qüvvəyə minib.

Buna əsasən, Avropa İttifaqı ölkələri, Ukrayna, Norveç, Lixtenşteyn və İslandiya ümumilikdə 150 milyard avroya qədər kredit istifadə edərək birgə müdafiə tədarüklərində iştirak edə bilirlər.

Avropa İttifaqına namizəd ölkələr də proqrama qoşula bilir

Türkiyə kimi Avropa İttifaqına namizəd ölkələr və Böyük Britaniya kimi Avropa İttifaqı ilə saziş imzalamış dövlətlər də birgə tədarük proqramlarında iştirak edə bilirlər. Lakin istehsal olunacaq müdafiə məhsullarının komponentlərinin ümumi dəyərinin azı 65 faizinin Avropa daxilindən təmin edilməsi tələb olunur.

Ən böyük pay Polşaya verilib

Avropa İttifaqı 2025-ci il sentyabrın 9-da müraciət etmiş 19 üzv ölkə arasında 150 milyard avroluq fondun ilkin bölgüsünü açıqlamışdı.

Ən böyük payı 43 milyard 734 milyon avro ilə Polşa alıb. Fransaya 16 milyard 217 milyon avro, İtaliyaya isə 14 milyard 900 milyon avro vəsait ayrılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya     SAFE  


Bizi "telegram"da izləyin