Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Hakabi Təl-Əviv Universitetində keçirilən konfransda çıxışı zamanı BƏƏ-nin İsraillə münasibətlərinə toxunaraq belə deyib:
“Birləşmiş Ərəb Əmirliklərinə dərin təşəkkür və heyranlığımı ifadə etmək istəyirəm. Onlar “İbrahim razılaşmaları”nın ilk üzvlərindən biri oldular və bunun faydalarını görürük. İsrail qısa müddət əvvəl onlara “Dəmir Günbəz” batareyaları və bunları idarə etməyə kömək edəcək heyət göndərdi. Niyə? Çünki BƏƏ ilə İsrail arasında “İbrahim razılaşmaları” əsasında fövqəladə münasibətlər mövcuddur”.
İran hücumlarında BƏƏ ön plana çıxıb
Açıqlamaya görə, İran fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı hücumları ilə başlayan müharibə prosesində ən çox BƏƏ-ni hədəfə alıb.
Ötən ay qüvvəyə minən atəşkəsə baxmayaraq, BƏƏ-nin hələ də İran mənbəli çoxsaylı raket və pilotsuz uçuş aparatı hücumları ilə qarşılaşdığı bildirilir.
Neftlə zəngin Körfəz ölkəsi olan BƏƏ regionda ABŞ-nin ən yaxın müttəfiqlərindən biri hesab olunur. Eyni zamanda İsraillə rəsmi diplomatik münasibətlər quran ərəb ölkələri arasında yer alır.
İki ölkə arasındakı normallaşma prosesi Donald Trampın ilk prezidentlik dövründə, 2020-ci ildə imzalanan “İbrahim razılaşmaları” ilə başlayıb.
Körfəzdə yeni müdafiə balansı
İsrailin “Dəmir Günbəz” sistemlərini birbaşa BƏƏ-yə yerləşdirməsi Təl-Əviv ilə Körfəz ölkələri arasındakı müdafiə əməkdaşlığının çatdığı səviyyəni göstərməsi baxımından diqqət çəkir.
“Dəmir Günbəz” sistemi qısa mənzilli raketlərə, artilleriya sursatlarına və pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış çox təbəqəli hava hücumundan müdafiə arxitekturasının mühüm elementlərindən biri hesab olunur.
İsrailin yalnız sistem göndərməklə kifayətlənməyib, eyni zamanda operativ heyət dəstəyi də verməsi iki ölkə arasındakı hərbi koordinasiyanın dərinləşdiyini göstərir.
Sevinc Əliyeva
Ordu.az