TEKNOFEST-də doğulan texnologiya ASELSAN-ın kritik layihələrində istifadə olunur

2026/05/Ekran-1778774173.jpg
Oxunub: 499     19:45     14 May 2026    
ASELSAN baş direktoru Əhməd Akyol bildirib ki, Türkiyənin ilk kamikadze avtonom sualtı platforma olan KILIÇ-ın dörd mühərriki TEKNOFEST-də mükafat qazanan gənc sahibkarlar tərəfindən hazırlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Əhməd Akyol həmçinin qeyd edib ki, TEKNOFEST-də uğur qazandıqdan sonra şirkətə çevrilən həmin gənc sahibkarlar KILIÇ-ın dörd mühərrikini inkişaf etdiriblər.

Süni zəka layihələri gəlir gətirməyə başlayıb

“T3 Vəqfi” və ODTÜ-nün birgə təşkil etdiyi Milli Texnologiya Zirvəsində çıxış edən Akyol bildirib ki, ASELSAN-ın süni zəka sahəsində gördüyü işlər artıq birbaşa maliyyə nəticələrində özünü göstərir.

Akyol bu barədə belə deyib: “Bu il balans hesabatımızın birinci rübü açıqlandı. Ən çox gəlir gətirən üçüncü layihəmiz süni zəka dəstəkli layihə oldu.”

KILIÇ-ın mühərrikləri TEKNOFEST-dən çıxdı

Gənc sahibkarların müdafiə sənayesinə konkret töhfə verdiyini vurğulayan Akyol KILIÇ layihəsini nümunə göstərərək belə deyib: “Türkiyənin ilk kamikadze avtonom sualtı platforma olan KILIÇ-ın arxasındakı dörd mühərrik TEKNOFEST Sualtı Yarışmasında mükafat qazanan və şirkət quran dostlarımızın mühərrikləridir”.

Avropanın ən böyük hava hücumundan müdafiə müəssisəsi tikilir

Akyol ASELSAN-ın Ankaradakı sərmayələrinə dair məlumat verərək 7 min dönüm ərazi üzərində Avropanın ən böyük hava hücumundan müdafiə müəssisəsinin inşa edildiyini açıqlayıb.

Şirkətin layihə təhvil müddətinin 48 aydan 28 aya endirildiyini, istehsal gücünün isə təxminən 200 faiz artırıldığını bildirən Akyol qabaqcıl texnologiyalara yönəlmiş sərmayələrin də davam etdiyini qeyd edib.

Tərsinə beyin axını sürətlənib

ASELSAN-ın son 1,5 ildə xalis müsbət beyin axını aldığını bildirən Akyol xaricdən göndərilən 2 min 500 müraciət arasından 194 mühəndisin şirkətdə işə başladığını deyib.

Akyol Almaniya və Britaniyadan qayıdan mühəndislərin Türkiyədə aparılan texnoloji işlərin Avropadakı bir çox layihədən daha qabaqcıl səviyyədə olduğunu söylədiklərini də vurğulayıb.

ASELSAN-ın böyüməsi davam edir

Akyol ASELSAN-ın son iki ildə 29 faiz böyüdüyünü və Avropanın ən dəyərli müdafiə şirkətləri arasında ilk beşdə yer aldığını bildirib: “Dünyadakı rəqiblərimiz yeriyərkən biz qaçırıq”.

Kritik texnologiyalar üzrə işlər davam edir

Akyol ASELSAN-ın aşağıdakı sahələrdə intensiv iş apardığını bildirib:

Qallium nitrid (GaN) əsaslı çiplər,
elektro-optik sistemlər,
kvant texnologiyaları,
aşağı orbitli peyklər,
pilotsuz uçuş aparatı əleyhinə sistemlər,
süni zəka tətbiqləri.


ASELSAN-ın həmçinin Türkiyənin qapalı şəbəkədə işləyən ən böyük məlumat mərkəzlərindən birinə sahib olduğu qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEKNOFEST   ASELSAN  


Bizi "telegram"da izləyin