Marko Rubio: “Çin Tayvana qarşı hərbi əməliyyatlardan yayınmağa üstünlük verərdi”

2026/02/1772207966.jpg
Oxunub: 442     19:34     14 May 2026    
Çin Tayvana qarşı hərbi əməliyyatlardan yayınmağa üstünlük verərdi.

Ordu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “NBC News” telekanalına müsahibəsində deyib.

Tayvan Çin ilə ABŞ arasındakı münasibətlərin ən həssas məsələlərindən biri olaraq qalır.

ABŞ dünyanın əksər ölkələri kimi ada ilə rəsmi diplomatik münasibətlərə malik olmasa da, Tayvan administrasiyasının əsas beynəlxalq müttəfiqi və ən böyük silah tədarükçüsüdür.

Bugünkü görüş zamanı Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib ki, Tayvan ətrafındakı fikir ayrılıqları iki ölkə arasındakı münasibətləri təhlükə altına qoya və “toqquşmalara, hətta münaqişələrə” səbəb ola bilər.

“Düşünürəm ki, Çin yəqin ki, Tayvanın könüllü şəkildə ona birləşməsinə üstünlük verərdi”, - deyə Rubio Pekində “NBC Nightly News” proqramının aparıcısı Tom Lyamasa müsahibəsində bildirib.

“Onların ideal dünyasında Tayvanda birləşmə ilə bağlı qərarın qəbul ediləcəyi səsvermə və ya referendum keçirilməsini istəyərdilər”, - deyə Rubio qeyd edib.

Eyni zamanda Rubio bildirib ki, Çin silahlı qüvvələrin genişmiqyaslı modernləşdirilməsi çərçivəsində Tayvan administrasiyasına qarşı hərbi təzyiqləri artırıb.

“Son on ildə Çin silahlı qüvvələrinin inkişaf tempi tamamilə görünməmiş səviyyədə olub”, - deyə Rubio vurğulayıb.

Onun sözlərinə görə, yalnız hərbi dəniz donanmasına Çin milyardlarla dollar yatırım edib. Pentaqonun məlumatına görə, artıq Çin donanmasının gəmilərinin sayı ABŞ hərbi dəniz qüvvələrindən çoxdur.

Rubio əlavə edib ki, Pekin hərbi gücünü yalnız Tayvan administrasiyasına görə artırmır.

“Məncə, onların ambisiyası sonda ABŞ kimi bütün dünyada güc nümayiş etdirməkdir”, - deyə o bildirib.

“Bu baxımdan onlar hələ də bizdən geri qalırlar, amma buna baxmayaraq çox böyük vəsait yatırırlar”, - deyə Rubio Çin silahlı qüvvələrini güc baxımından dünyada ikinci adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Çin   Tayvan  


Bizi "telegram"da izləyin