Ordu.az xəbər verir ki, “BAE Systems” rəsmisi Mayk Baulkvill “Eurofighter”in yalnız mövcud F-16 “Fighting Falcon” parkını dəstəkləməyəcəyini, həm də KAAN, F-16 ÖZGÜR, “Bayraktar Kızılelma” və ANKA-3 ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərəcəyini bildirib.
Türkiyəyə 20 ədəd yeni istehsal “Eurofighter” planlaşdırılır
Tolqa Özbəkin təqdim etdiyi məlumata görə, Türkiyə ilk mərhələdə 20 ədəd yeni istehsal “Tranche 4 Eurofighter Typhoon” döyüş təyyarəsi almağı planlaşdırır.
2030-cu ildən etibarən təhvil verilməsi nəzərdə tutulan paketdə aşağıdakılar yer alır:
simulyatorlar,
ehtiyat hissələri,
təlim xidmətləri,
“Meteor” raketləri,
“Storm Shadow” qanadlı raketləri,
yerli sursat inteqrasiyaları.
F-16 pilotları “Eurofighter”ə qısa müddətdə uyğunlaşacaq
Kral Hərbi Hava Qüvvələrində həm “Harrier”, həm də “Eurofighter” uçurmuş Baulkvill F-16 təcrübəsinə malik pilotların “Typhoon”a keçiddə ciddi çətinlik yaşamayacağını bildirib.
“F-16 kimi uçur, amma performans baxımından nəzərəçarpan sıçrayış təqdim edir. Təcrübəli F-16 pilotu üçün keçid prosesi kifayət qədər sürətli olacaq”, - deyə o bildirib.
Baulkvill yeni pilotlar üçün təlim prosesinin 6-8 ay sürdüyünü, təcrübəli pilotlarda isə bu müddətin əhəmiyyətli dərəcədə qısala biləcəyini deyib.
AESA radar və inkişaf etmiş radioelektron mübarizə qabiliyyəti
Türkiyənin almağı planlaşdırdığı “Tranche 4 Eurofighter”lərdə aşağıdakılar olacaq:
AESA radar,
IRST sistemi,
dəbilqə üzərində nişangah sistemi,
inkişaf etmiş radioelektron mübarizə paketi.
Baulkvill Türkiyənin öz sursat və proqram təminatı həllərini platformaya inteqrasiya edə bilməsinin mühüm üstünlük olduğunu vurğulayıb.
Yerli sursat inteqrasiyası ön plandadır
Tolqa Özbəkin sualına cavab olaraq Türkiyənin hazırladığı sursatların “Eurofighter”ə inteqrasiyası barədə dəyərləndirmə edən Baulkvill Türkiyə müdafiə sənayesinin bu sahədəki imkanlarına diqqət çəkib.
“Türkiyənin yüksək texnologiyalı silahları çox sürətlə hazırlaya bilməsi bu layihənin ən mühüm elementlərindən biridir. Bu sursatların “Typhoon”a inteqrasiyası üçün işlər aparırıq”, - deyə o bildirib.
“Eurofighter”, KAAN və insansız sistemlərlə birgə fəaliyyət göstərəcək
Baulkvill “Eurofighter”in Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək şəbəkə-mərkəzli döyüş strukturunda mühüm rol oynayacağını bu sözlərlə ifadə edib:
“Türkiyənin əlinə çox güclü hava üstünlüyü platforması keçir. “Eurofighter” F-16 və KAAN ilə birlikdə çox təsirli fəaliyyət göstərəcək. Bundan başqa, insansız döyüş sistemləri ilə də uyğun olacaq”.
Bu qiymətləndirmə “Eurofighter”in növbəti 30-40 il ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin insanlı və insansız ünsürlərin birgə fəaliyyət göstərdiyi strukturunda mühüm platforma kimi istifadə olunacağını göstərir.
Sevinc Əliyeva
Ordu.az