Polşa “Hydra 70” raketlərini yerli istehsal edəcək

2026/05/hder--1778751401.jpg
Oxunub: 433     14:20     14 May 2026    
Polşanın dövlət müdafiə qrupu PGZ “Hydra” 70 mm-lik idarə olunmayan raketlərinin ölkədə yığılması və istehsalı üçün iki ABŞ şirkəti ilə anlaşma imzalayıb.

Ordu.az xəbər verir ki, bu addımla Polşada hücum helikopterlərində, hava hücumundan müdafiə sistemlərində və sabit qanadlı təyyarələrdə istifadə olunacaq sursat üçün istehsal və logistika mərkəzi yaradılması hədəflənir.

“Polska Grupa Zbrojeniowa”nın açıqlamasına görə, qrupun törəmə şirkəti “Nitro-Chem S.A.” “Hydra” 70 mm raket istehsal qabiliyyətinin inkişaf etdirilməsi üçün “General Dynamics Ordnance and Tactical Systems” və “Paramount Enterprises International Inc.” şirkətləri ilə anlaşmalar imzalayıb.

Bildirilib ki, bu anlaşmalar xüsusilə AH-64 Apache hücum helikopterlərində istifadə olunan raketlər üçün Polşada istehsal və logistika mərkəzinin yaradılmasının ilk mərhələsini əhatə edir.

PGZ İdarə Heyətinin sədri Adam Leszkyeviç layihənin əməliyyat səbəblərini birbaşa belə izah edib:

“Birincisi, “Hydra” raketləri Polşa Silahlı Qüvvələrinin inventarına daxil olacaq 96 ədəd AH-64E hücum helikopterini silahlandıra biləcək. İkincisi, bu raketlər ucuz dronlara qarşı effektiv həll olduqlarını sübut edir. APKWS versiyaları SAN hava hücumundan müdafiə sistemimizin batareyalarında istifadə olunacaq. Üçüncüsü, Ukraynada da rus hücum pilotsuz uçuş aparatlarına qarşı döyüş təyyarələrində istifadə olunurlar. Bəlkə də bizim Hərbi Hava Qüvvələrimiz daha bahalı raket sursatlarına alternativ axtarışında eyni yolu seçə bilər. Bütün bunlar mühüm istehsal və iş potensialı yaradır. Buna görə layihəyə daxil olmaq dəyərlidir”.

“Apache” parkı üçün kritik sursat

Rəsmi olaraq M151 seriyası kimi tanınan “Hydra 70” mənşəyi 1940-cı illərə gedib çıxan 2,75 düymlük idarəolunmayan raket sistemi kimi tanınır. Sistem zamanla Qərb inventarında ən çevik sursatlardan birinə çevrilib.

Əsas versiyasında “Hydra 70” helikopter podlarından və ya sabit qanadlı təyyarələrdən salvo şəklində atılaraq yüngül zirehli və yumşaq hədəflərə qarşı istifadə edilən sahə təsirli silah kimi fəaliyyət göstərir.

Sistemin APKWS (Advanced Precision Kill Weapon System) versiyası isə “Hydra 70”i dəqiq idarəolunan sursata çevirir. “BAE Systems” tərəfindən hazırlanmış lazer axtarış başlığı və yönləndirici qanadcıqlar sayəsində idarəolunmayan raket nöqtə hədəflərinə qarşı yüksək dəqiqlikli zərbə qabiliyyəti qazanır. Üstəlik, bu çevrilmə xüsusi tank əleyhinə və ya hava-hava raketlərinə nisbətən xeyli aşağı xərclə həyata keçirilir.

APKWS sistemi ABŞ ordusu tərəfindən geniş istifadə olunur və mövcud hava platformalarına yeni sursat inteqrasiyası tələb etmədən dəqiq zərbə qabiliyyəti verdiyi üçün bir çox NATO ölkəsi tərəfindən də seçilir.

Ukrayna müharibəsindən sonra sursat asılılığının azaldılması cəhdi

Polşanın “Hydra 70” istehsalını yerli səviyyəyə keçirmə qərarı ölkənin həyata keçirdiyi ən böyük müdafiə təchizat layihələrindən biri ilə birbaşa bağlı görünür. Varşava hazırda istehsalda olan ən inkişaf etmiş Apache variantı olan 96 ədəd AH-64E “Apache Guardian” hücum helikopteri alır.

AH-64E modeli təkmilləşdirilmiş turbin mühərrikləri, yeni rotor pərdəsi quruluşu, “Link 16” məlumat bağlantısı və qabaqcıl sensor inteqrasiyası kimi mühüm modernləşdirmələrlə seçilir.

Bu parkın sursat ehtiyacının tamamilə ABŞ tədarük zəncirindən asılı olmadan yerli istehsal raketlərlə təmin edilməsi Polşaya mümkün uzunmüddətli yüksək intensivlikli münaqişələrdə kritik səviyyədə sursat müstəqilliyi verə bilər.

Ukrayna müharibəsinin ortaya çıxardığı yüksək sursat sərfiyyatı, xüsusilə NATO ölkələri üçün tədarük zənciri dayanıqlığını müdafiə planlaşdırmasının mərkəzinə yerləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Hydra-70  


Bizi "telegram"da izləyin