Ağ Evin Pekin gözləntiləri: Qalib lider strategiyası özünü doğruldacaqmı?

2026/05/1778740039.jpg
Oxunub: 450     10:24     14 May 2026    
Mayın 13-də ABŞ prezidenti Donald Trampın Çinə dövlət səfəri başlayıb. Səfər mayın 15-dək davam edəcək. Əsas danışıqlar mayın 14-də keçiriləcək. Pekinə yola düşməzdən əvvəl ABŞ prezidenti bildirib ki, Çin lideri ilə ticarət münasibətləri, Tayvan məsələsi, eləcə də “möhtəşəm ölkə İranla bağlı məsələləri” müzakirə edəcək.

Ağ Evin Tehranın “razılaşma” üzrə ABŞ-nin şərtlərini qəbul edəcəyi və Trampın Si Cinpin qarşısına “qalib lider” kimi çıxacağı ilə bağlı gözləntiləri özünü doğrultmayıb. Hərçənd son sorğular amerikalıların 60 faizdən çoxunun müharibəyə qarşı olduğunu göstərir, CNN telekanalı öz mənbələrinə istinadən bildirib ki, Tramp “getdikcə daha çox hərbi əməliyyatların bərpasının zəruriliyinə meyllənir”.

Rusiyanın “Nezavisimaya qazeta” nəşri Si Cinpin-Tramp danışıqları ətrafında amerikalı ekspertlərin proqnozlarını ümumiləşdirməyə çalışıb. Müxtəlif qiymətləndirmələr arasında iki məqam xüsusilə diqqət çəkir.

Birinci ehtimala görə, Çin lideri “əgər ABŞ prezidenti Tayvanın müstəqilliyini tanımayacağına və Taypey hakimiyyətinə silah satışını məhdudlaşdıracağına söz versə, İrana təsir göstərə bilər”.

İkinci proqnoz Hörmüz boğazının bağlanması nəticəsində Çin iqtisadiyyatının görəcəyi zərərlə bağlıdır. Ekspertlərin fikrincə, bu vəziyyət Si Cinpini “obyektiv olaraq ABŞ ilə əməkdaşlığa sövq etməlidir, lakin yalnız siyasi səviyyədə etməlidir”.

Si Cinpinlə Donald Tramp arasındakı danışıqların nə verəcəyini yaxın bir neçə gün ərzində görmək mümkün olacaq. Maraqlıdır ki, Trampın Pekinə səfəri ilə paralel olaraq Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bildirib ki, Rusiya prezidenti Putinin Pekinə səfərinə “hazırlıq yekun mərhələyə yaxınlaşır”.

Çinə yola düşməzdən əvvəl ABŞ prezidenti Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə brifinq keçirib və ona Rusiyaya səfərlə bağlı da sual verilib. Tramp qısa şəkildə “Bu, mümkündür” cavabını verib.

Ötən ilin avqustunda Alyaskada Tramp-Putin sammiti keçirilmişdi və həmin görüş zamanı növbəti görüşün Rusiyada təşkili barədə razılıq əldə olunmuşdu. Bu baxımdan ABŞ prezidentinin “Bu, mümkündür” ifadəsi ilə bu il Rusiyaya səfərini nəzərdə tutduğu ehtimal edilir.

Yeni dünya nizamının Tramp-Si Cinpin-Putin razılaşması ilə müəyyənləşdirilməsi mümkündürmü?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Cinpin   Tramp  


Bizi "telegram"da izləyin