Ordu.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Məlumata görə, on milyardlarla dollar əlavə yardımın yolunu aça biləcək bu təşəbbüs artıq NATO-nun bir sıra böyük ölkələrinin müqaviməti ilə üzləşib. Alyans diplomatlarının bildirdiyinə görə, Ruttene bu ideyanı ötən ayın sonunda NATO səfirlərinin Türkiyədə iyul sammitinə hazırlıq çərçivəsində keçirilən qapalı görüşündə təqdim edib.
Diplomatlardan birinin sözlərinə görə, təklifin məqsədi Ukraynaya dəstəyi daha sabit və proqnozlaşdırıla bilən etməkdir. Müttəfiqlərin razılığı olacağı halda, Ukraynaya illik yardım NATO ölkələrinin ümumi ÜDM-i əsasında təxminən 143 milyard dollara çata bilər. Müqayisə üçün, ötən il Ukrayna təxminən 45 milyard dollar hərbi yardım və müdafiəyə aid xərclər alıb.
Ruttenin belə bir mexanizm təklif etməsinə alyans daxilindəki narazılıq da səbəb olub. Bəzi ölkələr digərlərinə nisbətən daha ağır maliyyə yükü daşıyır. Ukraynanı daha fəal şəkildə Şimali Avropa, Baltikyanı ölkələr, Niderland və Polşa dəstəkləyir. Cənubi Avropa dövlətləri isə analitiklərin qiymətləndirməsinə görə, xeyli az töhfə verir.
Aİ xarici işlər naziri Kaya Kallas da daha əvvəl yükün qeyri-bərabər bölündüyünü qeyd etmişdi. Onun sözlərinə görə, digərlərindən daha çox kömək edən ölkələr bu məsələni mütəmadi olaraq gündəmə gətirir və mövcud vəziyyət “davamlı deyil”.
Bununla belə, Ruttenin təklifi artıq Fransa və Böyük Britaniya da daxil olmaqla skeptisizm yaradıb və hazırkı formada, diplomatların bildirdiyinə görə, qəbul olunması çətin görünür. NATO səviyyəsində istənilən qərar alyansın bütün üzvlərinin razılığını tələb edir.
Əlavə çətinlik isə ondan ibarətdir ki, Aİ-nin bəzi ölkələri Ukraynaya artıq təsdiqlənmiş 90 milyard avroluq kreditə verdikləri töhfənin yeni öhdəliklərin hesablanmasında nəzərə alınmasını istəyirlər.
Təşəbbüsün müzakirəsinin NATO xarici işlər nazirlərinin İsveçdə keçiriləcək görüşündə davam edəcəyi gözlənilir. Ankarada keçiriləcək sammit isə alyansın Ukraynaya uzunmüddətli dəstəyini, o cümlədən maliyyələşdirməni, silah tədarükünü və siyasi təminatları nümayiş etdirməlidir.
Sevinc Əliyeva
Ordu.az