Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, petisiya tələb olunan 218 imzanı toplayıb. Bu isə qanunvericilərə təşəbbüsü Nümayəndələr Palatasının müzakirəsinə birbaşa çıxarmağa imkan verəcək. Beləliklə, onlar spiker Mayk Consonu və Respublikaçılar Partiyasının rəhbərliyini kənardan keçə biləcəklər.
Həlledici imzanı Kaliforniya təmsilçisi Kevin Kayli atıb. O, daha əvvəl Respublikaçılar Partiyasını tərk edərək müstəqil deputata çevrilib.
Səsvermənin artıq iyunun əvvəlində keçiriləcəyi gözlənilir.
Bu addım Donald Trampın və onun müttəfiqlərinin tutduğu siyasi xəttə qarşı ciddi çağırış hesab olunur. Belə ki, Trampın Ağ Evə qayıdışından sonra onun tərəfdarlarının bir çoxu Kiyevə dəstək məsələsində xeyli soyuyub.
Demokrat Qreqori Miks tərəfindən təqdim edilən qanun layihəsi üç əsas blokdan ibarətdir.
Sənəddə Ukrayna və NATO-ya dəstəyin təsdiqlənməsi, Ukraynaya 1 milyard dollardan çox birbaşa hərbi yardım və əlavə olaraq 8 milyard dollara qədər kredit ayrılması nəzərdə tutulur.
Bundan başqa, Rusiyanın maliyyə sektoru, energetika, hasilat sənayesi və rusiyalı rəsmilərə qarşı genişmiqyaslı sanksiyaların tətbiqi təklif edilir.
Sənəddə həmçinin Ukraynanın bərpası üzrə xüsusi koordinator vəzifəsinin yaradılması da əksini tapıb.
2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından sonra Ukrayna ABŞ Konqresində mühüm iki partiyalı dəstəyi qoruyub saxlayır. Lakin Respublikaçılar Partiyası daxilində fikir ayrılıqları, xüsusilə Trampın ABŞ-nin xarici öhdəliklərinin azaldılmasına üstünlük verməsindən sonra daha da dərinləşib.
“Discharge petition” mexanizmi tarixən nadir istifadə olunan alət hesab edilsə də, Nümayəndələr Palatasında respublikaçıların çox kiçik üstünlüyə malik olması fonunda bu üsul partiya rəhbərliyini keçmək üçün getdikcə daha təsirli vasitəyə çevrilir.
Sevinc Əliyeva
Ordu.az