Ordu.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfəri zamanı Alman və Ukrayna şirkətlərinin müxtəlif mənzil kateqoriyalarında yeni nəsil pilotsuz uçuş aparatı layihələri üzərində birlikdə çalışdıqlarını açıqlayıb.
Məlumat “Suspilne” müxbiri tərəfindən paylaşılıb.
Pistoriusun sözlərinə görə, həyata keçirilən layihələr çərçivəsində 100 kilometrdən aşağı mənzilli sistemlərlə yanaşı, 1500 kilometrə qədər çata bilən uzaqmənzilli kamikadze pilotsuz uçuş aparatları da hazırlanır.
Almaniyanın müdafiə naziri dərin zərbə qabiliyyətinə malik pilotsuz uçuş aparatlarının Ukraynanın hərbi infrastrukturuna yönəlmiş Rusiya hücumlarını çəkindirmək baxımından kritik əhəmiyyət daşıdığını vurğulayıb.
Pistorius bildirib ki, bu tip sistemlər geniş miqyasda istifadə olunacağı halda düşmənin hava hücumundan müdafiə vasitələrini təzyiq altında saxlamaq və məhv etmək baxımından effektiv ola bilər.
Bundan əlavə, Almaniyanın Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və Ukraynanın müasir müharibə təcrübəsindən faydalanmaq istədiyini bildirən Pistorius alman tərəfinin xüsusilə Ukraynanın döyüş idarəetmə sistemlərini və Ukrayna Silahlı Qüvvələrinin sahədəki döyüş təcrübələrini araşdırdığını qeyd edib.
Məlumatda həmçinin Berlin rəhbərliyinin yeni hərbi texnologiyalar hazırlayan təşəbbüsləri dəstəkləyən Ukrayna mərkəzli müdafiə innovasiya platforması “Brave1”a qoşulmağı planlaşdırdığı bildirilib.
“Brave1” platforması hazırlanmış texnologiyaların real döyüş şəraitində sürətli şəkildə sınaqdan keçirilməsinə imkan yaradır.
Pistorius Almaniyanın Rusiya təcavüzü qarşısında Ukraynaya dəstəyini davam etdirəcəyini və iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirməyə davam edəcəyini də sözlərinə əlavə edib.
Digər tərəfdən daha əvvəl yayımlanan hökumət büdcə planlarına görə Almaniyanın 2027-ci ildə Ukraynaya dəstək məqsədilə 11,6 milyard avro ayıracağı bildirilmişdi.
Bundan əlavə, Almaniyanın “ARX Robotics” şirkətinin Ukraynadakı GEREON quru robotik sistemləri parkını beş dəfə artırdığı da qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az