Ordu.az-ın verdiyi xəbərə görə, saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.
Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Ermənistandakı parlament seçkilərini ATƏT/DTİHB-dən 328 və MDB-dən 120 müşahidəçi olmaqla 647 beynəlxalq müşahidəçi, eləcə də 13 yerli vətəndaş nəzarət təşkilatından 2600-dən çox müşahidəçi izləyib. Seçkiləri işıqlandırmaq üçün akkreditasiya üçün cəmi 181 xarici və 71 yerli media orqanı müraciət edib.
***
Ermənistanda parlament seçkiləri üzrə səsvermə prosesinə start verilib.
Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu gün ölkə üzrə bütün seçki məntəqələri açılıb və ümumölkə parlament seçkilərində səsvermə başlayıb.
Erməni skainlər yerli vaxtla saat 20:00-dək səsvermə hüquqlarından istifadə edə biləcəklər. Ermənistan hüdudlarından kənarda isə səsvermə nəzərdə tutulmayıb.
Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası saat 12:00-dan etibarən hər üç saatdan bir seçici fəallığı ilə bağlı məlumatlar açıqlayacaq. Statistik göstəricilər bir saat gecikmə ilə təqdim ediləcək.
Gözlənilir ki, təxminən saat 23:00-dan etibarən ən kiçik və uzaq kənd məntəqələrinin ilkin nəticələri elan olunmağa başlansın. Bununla belə, həmin nəticələrin ümumi mənzərəni tam əks etdirməyəcəyi bildirilir.
Əvvəlki seçkilərin təcrübəsinə əsasən, yeni parlamentdə siyasi qüvvələrin nisbəti və gələcək baş nazirin müəyyənləşməsi ilə bağlı ümumi mənzərənin gecə saat 02:00-03:00 radələrində aydınlaşacağı gözlənilir. Həmin vaxt paytaxt İrəvan da daxil olmaqla iri şəhərlərin nəticələrinin daxil olmağa başlayacağı qeyd edilir.
Səslərin elektron hesablanmasının isə iyunun 8-i səhər saat 08:00-da başa çatacağı gözlənilir.
Ermənistan parlamenti proporsional seçki sistemi əsasında formalaşdırılır və seçicilər yalnız partiya siyahıları üzrə səs verirlər. Parlamentdə yerlər uğrunda 18 siyasi qüvvə (16 partiya və 2 blok) mübarizə aparır.
Qanunvericiliyə əsasən, partiyalar üçün parlamentə keçid həddi 4 faiz, bloklar üçün isə 8 faiz müəyyən edilib. Eyni zamanda, seçkilərin yekun nəticələri hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər ümumi hesablamaya daxil edilmir. Siyasi qüvvələrin topladığı faiz göstəriciləri yalnız etibarlı səslərin ümumi sayı əsasında müəyyənləşdirilir.
Alpər Mövludoğlu
Ordu.az