Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ və İsrailin İrana qarşı müharibəsi regiondan enerji daşıyıcılarının ixracını iflic edib. Halbuki bu ixrac adətən qlobal xam neft və LNG tədarükünün 20 faizini təmin edirdi. Son həftələrdə ABŞ İran limanlarını bloklayıb. Oksford Enerji Araşdırmaları İnstitutundan Klaudio Stoyer qeyd edir ki, əvvəl İran boğazdakı hərəkəti tam dayandırmağa çalışırdısa, indi onun taktikasını dəyişib.
“İran Hürmüzü bloklamaqdan onun girişinə nəzarət etməyə keçib. İndi bu, neytral tranzit marşrutu deyil, nəzarət edilən dəhlizdir”, - deyə ekspert vurğulayıb.
Bağdad və Tehran arasında razılaşma
Neft gəlirlərinin 95 faizi neft satışından asılı olan İraq boğazın bağlanmasından ən çox zərər çəkənlər sırasında olub. Əvvəllər açıqlanmayan razılaşma çərçivəsində Bağdad iki supertankerin, hər biri təxminən 2 milyon barrel neft daşıyan VLCC-lərin təhlükəsiz keçidini təmin edə bilib. Keçən bazar günü həmin gəmilər boğazdan uğurla keçib.
İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi “Reuters”ə bildirib ki, hökumət sonrakı səfərlər üçün İrandan razılıq almağa çalışır. “İraq İranın yaxın müttəfiqidir və İraq iqtisadiyyatına dəymiş hər hansı zərbə Tehranın ölkəmizdəki iqtisadi maraqlarına da zərər vuracaq”, - deyə rəsmi izah edib.
Qətər qazı Pakistana
Eyni şəkildə, İslamabad da Tehranla Qətər LNG-sinin daşınması üçün iki tankerə keçid barədə razılaşıb. Münaqişədə vasitəçi kimi çıxış edən Pakistan yay pik dövründə elektrik enerjisi istehsalı üçün yanacağa ciddi ehtiyac duyur.
Mənbələr bu sövdələşmələrin mühüm detallarını da vurğulayır:
Birbaşa ödəniş yoxdur, nə İraq, nə də Pakistan gəmilərin keçidi üçün nə İrana, nə də İslam İnqilabı Keşikçiləri Korpusuna birbaşa ödəniş edib.
Qətərin rolu - Doha birbaşa razılaşmalarda iştirak etməyib, lakin Pakistana nəzərdə tutulan tədarüklər barədə ABŞ-ni əvvəlcədən məlumatlandırıb.
Analitiklərin məlumatına görə, hazırda boğazdan müharibədən əvvəlki gəmi axınının cəmi 5 faizi keçir, əvvəl ayda 3000 keçirdisə, indi təxminən 150 gəmi keçir. Bu isə fevral ayının sonundan bəri Brent markalı neftin qiymətinin 50 faizdən çox bahalaşmasına gətirib çıxarıb.
Tehran müharibə bitdikdən sonra da boğaz üzərində nəzarəti saxlamaq niyyətindədir və bunun üçün reparasiya, sanksiyaların ləğvi və dondurulmuş aktivlərin azad edilməsini tələb edir. ABŞ prezidenti Donald Tramp artıq bu şərtləri “zibil” adlandırıb və bu da sürətli sülh razılaşması şansını azaldır.
Bu arada İran nəzarət mexanizmini rəsmiləşdirir. Bağdaddan artıq hər gəmi üçün ətraflı sənədləşmə (təyinat nöqtəsi, sahib, yükün xüsusiyyətləri) təqdim etməsi tələb olunur ki, İran hərbi dəniz qüvvələrinin nəzarəti altında müəyyən edilmiş marşrutlardan keçə bilsin. Pakistan nümayəndəsi isə prosesin asan getmədiyini bildirib: “SEPAH bəzən oyun qaydalarını elə prosesin gedişində dəyişir, amma biz işimizi davam etdiririk”.
Sevinc Əliyeva
Ordu.az