Ordu.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin deyib.
Diplomat vurğulayıb ki, sıx mədəni və humanitar əlaqələr olmadan tamhüquqlu ikitərəfli əməkdaşlığı təsəvvür etmək mümkün deyil.
“Təəssüf ki, son dövrlərdə məhz bu əlaqələr müəyyən geriləmə yaşayıb və indi onları aktivləşdirməyin vaxtıdır”, - deyə o bildirib.
Kaluginin sözlərinə görə, Azərbaycan ərazisində Sankt-Peterburq Dövlət Universitetinin bazasında birgə ali təhsil müəssisəsinin yaradılması, həmçinin Moskva və Bakıda hər iki ölkənin səfirlikləri nəzdində məktəblərin açılması kimi perspektivli layihələr mövcuddur.
“Yaxın gələcəkdə Rusiyanın informasiya-mədəniyyət mərkəzinin fəaliyyətini bərpa etməyə ümid edirik. Həmçinin Rusiya və Azərbaycanda dövlətlərimizin görkəmli şəxsiyyətlərinin abidələrinin ucaldılması ilə bağlı ideyalar da var”, - deyə departament direktoru bildirib.
Onun sözlərinə görə, ictimaiyyət yaradıcı kollektivlərin qastrol səfərlərinin bərpasına, gənclər və regionlararası forumların mütəmadi keçirilməsinə maraq göstərir.
“Bir sözlə, görüləsi iş çoxdur. Əsas məsələ odur ki, hər iki tərəfdə bu istiqamətdə işi genişləndirməyin və boşluqları doldurmağın vacibliyi anlayışı mövcuddur”, - deyə diplomat vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az