Rusiya XİN: Avropa İttifaqı Ermənistanda keçiriləcək seçkilərə təsir göstərməyə və Moskva ilə əlaqələri zəiflətməyə çalışır

2026/05/1778581478.jpg
Oxunub: 401     14:24     12 May 2026    
“Biz görürük ki, avropalılar bu məqsədlə Ermənistanda keçiriləcək parlament seçkilərindən istifadə etməyə çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun diqqət mərkəzində olan bəyanatı müxtəlif səviyyələrdə Ermənistan rəhbərliyinə və ictimaiyyətinə çatdırılan siqnalların nümunəsidir.

“Biz hesab edirik ki, ölkələrimizin vətəndaşları bilməlidirlər ki, İrəvanın “Avropa yolu” adlandırılan istiqamətdə irəliləməsi müəyyən mərhələdə Rusiya-Ermənistan münasibətlərində sistemli dəyişikliklərə səbəb ola bilər. Bu isə Avropa İttifaqının təhlükəsizlik, iqtisadi sabitlik, rifah və inkişaf məsələlərində heç bir konkret alternativ təklif etmədiyi şəraitdə baş verir. Bu aydındır. Brüsselin marağı Ermənistan və ya Cənubi Qafqaz ölkələrinin qayğısına qalmaq deyil, ilk növbədə Rusiyaya qarşı yönəlmiş geosiyasi məqsədlərini həyata keçirməkdir”, - deyə Kalugin bildirib.

Kalugin qeyd edib ki, buna görə də Avropa rəsmiləri Ermənistanda keçiriləcək parlament seçkilərindən istifadə etməyə çalışırlar.

“Ölkədə artıq Moldovadakı seçki kampaniyaları zamanı tətbiq edilən missiyalara bənzər iki missiya yerləşdirilib. Rəsmi məqsədlər əlbəttə ki, xoş səslənə bilər, lakin əslində bu missiyaların mahiyyəti aydındır: Avropa İttifaqının ictimai-siyasi həyat və iqtisadiyyat üzərində nəzarətini gücləndirmək, bununla da İrəvanın Moskvadan uzaqlaşmasına şərait yaratmaq. Avropalı “mütəxəssislər” sözün əsl mənasında Rusiyanın düşmən obrazını formalaşdırmağa çalışırlar. Onlar Moskvanın “müstəqil Ermənistanın formalaşmasına qarşı olduğu” barədə saxta təsəvvür yaradırlar. Heç bir əsas olmadan ölkəmizi “hibrid hücumlar” və respublikanın daxili işlərinə müdaxilə etməkdə ittiham edirlər, halbuki özlərinin dərin müdaxiləsini nədənsə belə hesab etmirlər. Ümumiyyətlə, Avropa İttifaqı dəfələrlə digər ölkələrdə seçki proseslərinə yön verməyə çalışarkən ifşa olunub. Görürük ki, bu mesajların yayılmasına bəzi erməni KİV-ləri və rəsmilər də qoşulur”, - deyə o bildirib.

Kaluginin fikrincə, Ermənistan əhalisi üçün cəlbedici Avropa “miraçı” yaratmaq məqsədinə Ermənistan-Avropa İttifaqı sammitlərinin və Avropa Siyasi Birliyi tədbirlərinin keçirilməsi də xidmət edir.

“Ermənistan-Avropa İttifaqı sammitinin yekunlarına dair bəyanatda 2,5 milyard avro məbləğində “mümkün investisiyalar” qeyd olunur. Bu, Avropa İttifaqının bir neçə il əvvəl vəd etdiyi, lakin indiyədək tapa bilmədiyi həmin vəsaitdir. Yəni avropalılar mövcud olmayan bir şeyi “satmağa” çalışırlar və bunu ilk dəfə etmirlər”, - deyə o vurğulayıb.

Kalugin qeyd edib ki, bəyanatda “Metsamor” Atom Elektrik Stansiyasının istismardan çıxarılması istiqamətində birgə fəaliyyətin vacibliyindən bəhs olunur.

“Moskvada həmçinin Brüsselin təşəbbüsü ilə Vladimir Zelenskinin səfəri və onun anti-Rusiya bəyanatları da diqqətdən yayınmayıb”, - deyə o bildirib.

Kaluginin sözlərinə görə, bütün bunlar göstərir ki, avropalıların “bərabər tərəfdaşlara” diqqəti əslində yalnız alət xarakteri daşıyır.

“Brüsseldə heç kim Ermənistanın maraqları barədə düşünməyib. Avropalılar ölkəyə öz anti-Rusiya gündəmlərini gətiriblər və istər-istəməz İrəvanı da buna uyğunlaşdırıblar. Faktiki olaraq ölkədən öz siyasi layihələri üçün platforma kimi istifadə ediblər”, - deyə o bildirib.

Kalugin qeyd edib ki, Ermənistan rəhbərliyi və vətəndaşları baş verənlərə ayıq baxışla yanaşmalıdırlar.

“Avropalı siyasətçilər Ermənistana növbəti vədlərdən, təmtəraqlı əl sıxmalardan və Avropanın keçmiş nəhəng dövlətlərinin liderlərinin İrəvan gəzintilərindən başqa heç nə gətirməyiblər”, - deyə o əlavə edib.

Kalugin vurğulayıb ki, Avropa İttifaqına yönəlmə Ermənistan üçün ciddi iqtisadi zərərlərlə nəticələnə bilər.

“İnteqrasiya prosesləri sistemli iş tələb edir və Avrasiya İqtisadi Birliyinə üzvlüyə müvəqqəti vasitə kimi yanaşmaq düzgün deyil. Qısası, iki stulda eyni anda oturmaq mümkün olmayacaq”, - deyə o, sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan    


Bizi "telegram"da izləyin