Ordu.az xəbər verir ki, bu barədə “Euronews” nəşri yazıb.
“Nikol Paşinyanın bu bəyanatı həm ölkə daxilində, həm də diasporda Ermənistan cəmiyyətini şoka salıb və Qarabağla bağlı onilliklər boyu formalaşmış milli narrativi faktiki olaraq rədd edib.
Paşinyanın sensasion bəyanatı Avropa Siyasi Birliyi və Ermənistan-Aİ tarixi sammitlərindən bir neçə gün sonra səsləndi. Bu görüşlər Ermənistanın dünyaya, xüsusilə də Rusiyaya mesajını vurğuladı: ölkə artıq qəti şəkildə avropapərəst yolu seçib”, - deyə nəşr qeyd edir.
Qeyd olunur ki, Ermənistanda iyunda keçiriləcək seçkilər ərəfəsində Paşinyanın bu qeyri-adi bəyanatı onun hökumətinin qəbul etdiyi rəsmi mövqeni əks etdirir.
Nəşrə görə, eyni zamanda, Azərbaycanın Prezidenti İlham Əliyev Ermənistanda seçkiqabağı dövrdə anti-Azərbaycan qüvvələrin mümkün fəallaşması barədə xəbərdarlıq edib və eyni zamanda Bakının keçmiş rəqiblə sülh gələcəyi qurmaq niyyətinə sadiq qaldığını vurğulayıb.
“Azərbaycan Prezidenti həmçinin bu gün “saxta qəhrəmanlar” rolunu oynamağa çalışan “bəzi xarici liderləri” tənqid edib. “İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”, - deyə İlham Əliyev bildirib.
Bütün bunlarla yanaşı, Ermənistanın avropapərəst istiqamət götürməsi sonda Rusiya Prezidenti Vladimir Putini etirafa vadar edib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi üzrə referendum keçirməsi “məntiqli” olardı”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az