“Yumşaq boşanma”, yoxsa dürüst seçim? – Rusiyalı ekspert Putinin Ermənistana inkişaf vektorunu müəyyənləşdirmə çağırışı barədə danışıb

2026/05/1778567415.jpg
Oxunub: 477     10:31     12 May 2026    
“Mümkün qədər tez “mövqe müəyyənləşdirmək” çağırışı seçkilərə müdaxilə etmək istəyi ilə deyil, Ermənistanın Avrasiya strukturlarından mümkün çıxış prosesini proqnozlaşdırıla bilən və ağrısız etmək zərurəti ilə bağlıdır”.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Nikolay Silayev Rusiya Prezidentinin son bəyanatlarını şərh edrkən bildirib.

Silayev qeyd edib ki, Moskvada Ermənistan hakimiyyətinin sözləri ilə addımları arasında açıq ziddiyyət görürlər. Rusiyalı ekspert buna nümunə kimi yaxın vaxtlarda Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvanda qəbul edilməsini göstərib.

Silayevin fikrincə, belə addımlar de-fakto qeyri-dost siyasətdir və Ermənistan XİN-in əvvəlki təminatlarını sıfıra endirir.

Rusiyalı ekspert vurğulayıb ki, Vladimir Putin referendum ehtimalını xatırladaraq, Ermənistan xalqı həqiqətən Avropa yolunu seçərsə, “yumşaq, mədəni və qarşılıqlı faydalı boşanma” yolu ilə getməyi təklif edib.

“Ticarət-iqtisadi münasibətlərin xaosa düşəcəyi və Avrasiya İqtisadi Birliyinin bazarlarını qorumaq üçün təcili birtərəfli tədbirlərin görülməsinə məcbur qalınacağı vəziyyətdən qaçmaq vacibdir”, - deyə o vurğulayıb.

Parlament seçkiləri ərəfəsində xarici müdaxilə mövzusuna toxunan Silayev Qərb ölkələri tərəfindən görünməmiş təzyiq olduğunu bildirib.

Bu kontekstdə rusiyalı ekspert Rusiyanın mövqeyini fərqləndirib və bildirib ki, Moskva yalnız prosesin legitimliyi və dürüstlüyündə maraqlıdır.

“Aİ, Türkiyə və ABŞ fərqli maraqlara malik ola bilər, lakin Rusiya belə şəkildə müdaxilə etmir, çünki Ermənistanın suverenliyinə ciddi yanaşır”, - deyə rusiyalı politoloq bildirib.

Ukrayna ssenarisi ilə paralellər aparan Silayev qeyd edib ki, söhbət hərbi oxşarlıqdan deyil, “iki stulda oturmağa çalışma”nın faciəvi nəticələrindən gedir.

Onun sözlərinə görə, Kiyevin uzun müddət həm Rusiyanı, həm Aİ-ni, həm də öz vətəndaşlarını aldatmağa çalışması dərin daxili parçalanmaya və iqtisadi çöküşə gətirib çıxarıb.

Rusiyalı ekspert vurğulayıb ki, Avropa İttifaqının alternativsiz kurs tətbiq etdiyi Ukrayna, Gürcüstan və Moldova kimi ölkələrdə bu, qaçılmaz şəkildə vətəndaş qarşıdurması və toqquşmalar yaradır.

Silayevin sözlərinə görə, Ermənistanın vəzifəsi indi bu hadisələrdən nəticə çıxarmaq və Rusiya ilə əlaqələrin qırılmasının bütün iqtisadi nəticələrini anlayaraq suveren qərar qəbul etməkdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin