XİN: Rusiya Ermənistana “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyası ilə bağlı bütün izahları verib

2026/05/1778567368.jpg
Oxunub: 382     10:27     12 May 2026    
“Rusiya Ermənistanı “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyası ilə bağlı narahat edən bütün məsələlər üzrə məlumatlandırıb”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Bu mövzu “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyası aprelin 1-də Rusiya və Ermənistan liderlərinin danışıqları zamanı ətraflı müzakirə olunub. Ermənistan tərəfini narahat edən bütün məsələlərlə bağlı izahlar verilib, o cümlədən regional kommunikasiyaların açılmasında Rusiya tərəfinin iştirakı kontekstində gələcək iş formatları üzrə anlaşma əldə olunub”, - deyə diplomat bildirib.

O vurğulayıb ki, Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanın ölkədə konsessiya ilə bağlı məsələlərin “Rusiyanın arxasında” müzakirə edilməyəcəyi barədə bəyanatını “qeydə alıblar”.

“Rus şirkətinin Ermənistan dəmir yollarını idarə etməsinin ölkənin rəqabət üstünlüklərini hansısa şəkildə məhdudlaşdırdığı barədə iddia ilə razılaşa bilmərik. Əksinə, əminik ki, bu, həmin üstünlükləri yaradır”, - deyə Kalugin qeyd edib.

Onun fikrincə, əgər konsessiya çərçivəsində dəmir yolu şəbəkəsinin fəaliyyət qabiliyyətinin bərpası və saxlanılması istiqamətində Rusiya tərəfinin gərgin işi olmasaydı, bu gün Ermənistanın Cənubi Qafqazda nəqliyyat arteriyalarının “yenidən işə salınması”nda iştirak perspektivlərindən danışmaq daha çətin olardı.

Rusiya XİN departamentinin direktoru xatırladıb ki, “2008-ci ildən etibarən Ermənistan dəmir yollarına yatırılan investisiyalar təxminən 30 milyard rubl təşkil edib, əlavə olaraq Ermənistan büdcəsinə təxminən 15 milyard rubl ödənilib, yatırılmış vəsaitin bir hissəsi isə hərəkət tərkibinin modernləşdirilməsinə yönəldilib”.

“Yeri gəlmişkən, yeni qatarların birini, İrəvan-Gümrü marşrutu üçün nəzərdə tutulan qatarı məhz baş nazir Ermənistan rəhbərliyinin digər nümayəndələri ilə birlikdə sınaqdan keçirib”, - deyə Kalugin bildirib.

O əmindir ki, “Cənubi Qafqaz Dəmir Yolu” respublikanın ən iri işəgötürənlərindən biri olaraq qalır və təxminən 2,5 min iş yeri təmin edir.

“Biz öz tərəfimizdən birgə və qarşılıqlı faydalı iş üçün böyük potensial görürük və bunun təminatlarından biri Ermənistan dəmir yolu şəbəkəsinin rus mütəxəssislər tərəfindən effektiv idarə olunmasıdır”, - deyə diplomat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin