Rusiya XİN: İrəvan Zelenskinin Moskvanın ünvanına səsləndirdiyi iyrənc hücumlara diqqət yetirməyib

2026/05/1778567285.jpg
Oxunub: 459     10:22     12 May 2026    
“İrəvan sanki Vladimir Zelenskinin Ermənistana səfəri zamanı Moskvanın ünvanına səsləndirdiyi iyrənc hücumlara diqqət yetirməyib”.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.

“Şübhəsiz ki, Moskvada Brüsselin açıq şəkildə təşviq etdiyi Vladimir Zelenskinin İrəvana səfərini və onun qəbul edən erməni tərəfinin israrla görməzdən gəldiyi iyrənc anti-Rusiya hücumlarını qeydə alıblar”, - deyə diplomat bildirib.

Kaluginin sözlərinə görə, Ermənistanda Avropa Siyasi Birliyi və Ermənistan-Aİ sammitlərinin keçirilməsi parlament seçkiləri ərəfəsində erməni əhalisi üçün cəlbedici Avropa “miraşı” yaratmaq məntiqinə uyğun gəlir.

“Bu baxımdan bir məqam diqqətəlayiqdir. Ermənistan-Aİ sammitinin yekun bəyanatında Ermənistan üçün “mümkün investisiyalar” kimi 2,5 milyard avro məbləği qeyd olunur. Bu, Aİ-nin bir neçə il əvvəl vəd etdiyi, lakin indiyədək tapa bilmədiyi məbləğin eynisidir”, - deyə departament rəhbəri diqqətə çatdırıb.

“Yəni avropalılar mövcud olmayan şeyi “satmağa” çalışırlar və bu, ilk dəfə deyil. Gözqamaşdırıcı “parıltı”nın arxasında bəyanatda “Metsamor” AES-in istismardan çıxarılması istiqamətində birgə işin vacibliyinin qeyd olunması da diqqətdən kənarda qaldı. Halbuki bu stansiya respublikanın enerji təminatının əsas sütunlarından biridir”, - deyə diplomat əlavə edib.

Kalugin bildirib ki, bütün bunlar avropalıların özlərinin dediyi kimi “bərabər tərəfdaşlara” qarşı obsesiv diqqətinin arxasında sırf utilitar yanaşmanın dayandığını bir daha təsdiqləyir.

“Brüsseldə heç kim Ermənistanın maraqları barədə düşünməyib. Ermənistan yaxın vaxtlara qədər Ukrayna böhranı məsələsində bərabər məsafəli mövqe tutmağa çalışırdı. Avropalılar öz rusofob gündəmlərini respublikaya gətiriblər və istər-istəməz İrəvanı da buna cəlb ediblər. Əslində ölkəni öz siyasi layihələri üçün əlverişli platformaya çeviriblər”, - deyə departament rəhbəri qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin